Noyabrın 26-sı Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının sessiyasında çıxış edən prezident İlham Əliyev Qarabağ məsələsindən söz açıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir öz həllini tapmır. Uzun illərdir Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər Xocalı soyqırımı törədiblər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır.
Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul ediblər. Yəni beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.
ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərib. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey — bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, islam mədəniyyətinə qarşı terrorizmdir.
Erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədiblər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olub. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsus ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri islamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz islam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində islam bölməsinin təşkilində fəal rol oynayıb, öz maliyyə töhfəsini verib.
Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə — prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər”.