“Facebook” sosial şəbəkəsinin 16 milyon istifadəçisi əyləncəli test adı altında aldadılıb. Novator.az bildirir ki, bununla bağlı məlumatı Comparitech.com saytı yayıb.
Həmin saytın təmsilçisi Pol Bişroff deyib ki, “Vonvon.me” şirkətinin yaratdığı “Facebook-da ən çox hansı sözlərdən istifadə edirsiniz?” testi bir neçə gün ərzində 16 milyon adamı cəlb edib. 16 milyon adam özləri də bilmədən şəxsi məlumatlarını şirkətə təqdim edib.
Bişroff qeyd edib ki, “Vonvon”da qeydiyyatdan keçən istifadəçi şəxsi məlumatlarını üçüncü tərəfə ötürməyə razılıq vermiş olur.
Bişroff hesab edir ki, “Vonvon” istifadəçilərin məlumatını mənfəət xətrinə sata bilər. Şirkət isə məlumatları istifadəçinin razılığı olmadan ötürmədiyini iddia edir. Amma istifadəçi testdən keçdikdə “Vonvon”un məxfilik siyasətinin şərtləri ilə tanış olmadan məlumatlarının ötürülməsinə avtomatik şəkildə icazə vermiş olur. Ekspertin fikrincə, şirkət bununla testdə iştirak edənlər haqda məlumatlardan üçüncü tərəfin istifadə etməsi məsuliyyətini üzərindən atır.
“Vonvon”un nümayəndələri isə iddia edirlər ki, şirkət yalnız testin nəticələrini bilmək üçün istifadəçinin “Facebook” səhifəsinə giriş əldə edir. Onların sözlərinə görə, şirkət şəxsi məlumatı, elektron ünvanı, əlaqə siyahısını, fotoalbomu öz bazasının yaddaşında saxlamır. Əgər istifadəçi testin nəticələrini öz səhifəsində dərc etmək istəyirsə, bu məlumatlar “Vonvon”un deyil, “Facebook”un serverində yadda qalır.