Azərbaycanın Dağlıq Qarabağ bölgəsində muxtariyyətin ləğvindən 24 il ötür. 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə ləğv olunub.
Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olmuş keçmiş muxtar vilayətdə indi işğalçı rejim hakimdir. 1991-1993-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib.
“Dağlıq Qarabağ Respublikası” adlı rejimdə seçki adı altında 19 qanunsuz aksiya keçirilib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum” olub.
ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarında əsas məqam Dağlıq Qarabağın yekun statusu məsələsidir. Dağlıq Qarabağa hansı statusu vermək olar: muxtar vilayət statusu, muxtar respublika statusu, Azərbaycanın tərkibində respublika statusu və ya başqa bir status? Bəlkə Dağlıq Qarabağa yalnız mədəni muxtariyyət verilməlidir?
Transparency.az-ın suallarını cavablandıran siyasi elmlər doktoru, politoloq Azər Qasımlı hesab edir ki, Qarabağ problemi Minsk qrupu çərçivəsində öz həllini tapmayacaq. Politoloqun fikrincə, qrupun missiyası hər iki tərəfi müharibədən saxlamaq və böyük ölkələrin bu problemin həllində nəzarətini, inhisarını təmin etmək olub: “Minsk qrupu həmsədrlərinin tərkibi hər şeydən xəbər verir: ABŞ bölgədə marağı olan, həm iqtisadi, həm siyasi baxımdan ən güclü ölkədir. Rusiya regionun ən güclü dövləti, Fransa Avropa Birliyinin əsas ölkələrindən biridir. Yəni məqsəd problemi həll etmək deyil, maraqlı tərəflərin bir-birini nəzarətdə saxlamasıdır. İllər ərzində əsas iş mexanizmi məhz bu olub.
Qarabağ problemi iki istiqamətdə həll oluna bilər: Rusiyanın moderatorluğu və Avropa Birliyinin egidası altında. Birinci yolla daha asan həll mümkündür. Amma bunun üçün Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmalı, MDB-nin kollektiv təhlükəsizlik müqaviləsini imzalamalıdır. Ən əsası Azərbaycanda Rusiyanın hərbi bazalarının yerləşdirilməsi və onların Qarabağda sülhməramlı qüvvələr kimi fəaliyyətinə icazə verilməlidir. Belə olduğu təqdirdə Qarabağa Azərbaycan daxilində ən yüksək özünüidarə statusu verilə bilər. Bu, muxtar respublika da ola bilər, muxtar vilayət də. Məsələ Azərbaycanın danışıqlarda tutduğu mövqedən asılı olacaq. Amma hər bir halda Qarabağa hansısa özünüidarə statusu verilməlidir”.
Mümkün variantları Azər Qasımlı belə şərh edir: “Muxtar vilayət ən aşağı ehtimal olunan statusdur, çünki ermənilər buna getməyəcək. Ayrılmaq hüququ olmadan Azərbaycan daxilində muxtar respublika erməniləri razı salmaq üçün daha uyğun variantdır”.
Problemin Avropa Birliyinin himayəsi altında həllini isə politoloq daha asan yol hesab edir: “Hər iki ölkə Avropa Birliyinə inteqrasiya yolu tutmalı, assosiasiya sazişini imzalamalıdır. İki dövlət arasında vizalar, gömrük sərhədləri aradan qaldırılmalıdır. Qarabağ ermənilərinə həm Azərbaycan, həm Ermənistan vətəndaşı olmaq hüququ verilməlidir. Bölgə ağır silahlardan təmizlənməli, işğal olunmuş bütün ərazilər geri qaytarılmalı, demilitarizə edilməli, Qarabağ iqtisadi azad zonaya çevrilməlidir. Bundan sonra status məsələsini həll etmək çox asan olacaq.
Qarabağın statusu isə Avropa Birliyi, Azərbaycan və Ermənistanın təhlükəsizlik zəmanəti altında Azərbaycandan ayrılmaq hüququnun olmaması şərti ilə ya muxtar vilayət, ya da muxtar respublika şəklində müəyyən edilməlidir”.
Transparency.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc Dağlıq Qarabağ Muxtar Vilayətinin 1991-ci il noyabrın 26-da ləğv edilməsini yanlış qərar saydığını, bu addımın ermənilərin xeyrinə işlədiyini vurğulayıb: “Çünki muxtar vilayət statusunun Dağlıq Qarabağ üzərində qalması Azərbaycanın siyasi idarəçilik sisteminə hər hansı ziyan vurmurdu. Muxtariyyətin ləğvi bizi Qarabağa qovuşdurmadı, işğal gerçəkliyi hazırkı durumu meydana çıxardı. Ermənilər Dağlıq Qarabağda qurduqları saxta respublikada dırnaqarası prezident, parlament seçkilərinə gedib, yerli özünüidarə orqanları formalaşdırıblar. Əhali neçə illərdir “Qarabağ dövləti” adı altında yaşayır, bu, hafizələrə yeriyir, düşüncələrə oturur. Bizim cinahda isə Dağlıq Qarabağ bölgəsinin üç rayonunun – Şuşanın, Xocalının və Xocavəndin icra hakimiyyətləri, bir də azərbaycanlı icmasını birləşdirən ictimai qurum var. Bu təsisatlar bir-birinə xüsusi koordinasiya ilə bağlı deyillər.
Məncə, Dağlıq Qarabağın muxtar vilayət statusunu bərpa etmək lazımdır. Belə vəziyyətdə azərbaycanlı icmasına bağlı icra hakimiyyəti orqanları da vahid qüvvə kimi çıxış edər. Dağlıq Qarabağın yekun statusu isə münaqişənin həlli modeli içərisində müəyyənləşəcək. Dağlıq Qarabağa ərazi bütövlüyümüzə, bölgə üzərində suveren haqlarımıza zidd olmayan səlahiyyətləri vermək olar. Amma bu, xalqın birgə qərarı olacaq. İstənilən sülh müqaviləsi millətin səsi ilə, referendumla təsbit olunub işləklik qazana bilər”.