Noyabrın 24-də prezident İlham Əliyev yeni Milli Məclisinin ilk iclasında çıxış edib. O qeyd edib ki, noyabrın 1-də keçirilmiş parlament seçkisi xalqın iradəsini tam ifadə edir, Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: “Azərbaycan demokratiyaya sadiqdir. Bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar — söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkidə bütün bu azadlıqlar bir daha özünü büruzə verib”.
Transparency.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanın son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb: “Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıb. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.
Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalqın bizim siyasətimizə verdiyi dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıb. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir”.
İlham Əliyev hakimiyyətin, eləcə də yeni Milli Məclisin qarşısında duran vəzifələrdən söz açaraq Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun”.
Prezident qeyd edib ki, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır: “Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.
Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir”.
Daxili siyasətlə bağlı məsələlərə toxunan prezident deyib ki, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır: “Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcək.
Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar var, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclisdə qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaq.
Biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə — bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcək. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz”.