Noyabrın 24-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda 1 noyabr parlament seçkisinin nəticələrinin yoxlanması və təsdiq olunmasına baxılıb.
Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası noyabrın 18-də səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkinin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
Hakim Rafael Qvaladze məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkidə 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı bülletenlərə daxil edilib. MSK sədri deyib ki, 90 saylı seçki dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı, 15 saylı, 35 saylı, 53 saylı, 82 saylı, 83 saylı, 85 saylı, 121 saylı dairələr üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub: “90 saylı Ağdaş dairəsi istisna olmaqla bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkisinin konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.
APA-nın məlumatına görə, Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun təqdim etdiyi arayışdan sonra hakimlər müşavirəyə gedib. Müşavirənin ardınca sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi 1 noyabr seçkisinin nəticələrini təsdiqləyib.