Noyabrın 20-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Daşınmaz əmlakın vergiyə cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada daşınmaz əmlakın satışı üzrə vergi dərəcələri, Vergilər Məcəlləsinə dəyişikliklər layihəsi, əmlak vergilərinin yığımında yeni prosessual qaydalar və mənzil-istismar haqlarının toplanması zamanı yaranan problemlər müzakirə olunub.
Transparency.az xəbər verir ki, Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə “Şəffaflıq Azərbaycan”ın layihə koordinatoru Məhəmməd Muradov tövsiyələr paketini təqdim edib. Vergilər Nazirliyinin vergi siyasəti şöbəsinin rəisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi Babək Əhmədli mövzu ilə əlaqədar fikirlərini açıqlayıblar.
Tövsiyələr paketində qeyd olunur ki, 2015-ci ildən daşınmaz əmlakın alğı-satqısından gəlir vergisi tutulması geniş tətbiq edilir: “Bu yenilik daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan satıcıların maraqlarına təsir edib, həm də sadə vətəndaşlar üçün yaşayış, sahibkarlar üçün qeyri-yaşayış yerlərinin alğı-satqısını əlverişsiz hala gətirib. Dəyişikliyin kütləvi tətbiqinə başlandığı 2015-ci ilin ilk yarım ilində bu təcrübənin fəsadları özünü göstərir. Mərkəzi Bankın hesabatına görə, daşınmaz əmlak bazarında dövriyyə 2015-ci ilin ilkin 6 ayı ərzində 32% azalıb, xüsusilə ilkin bazardan həcmcə böyük olan təkrar bazarda azalma müşahidə olunub. Eyni mənzərə son 12 ayda da müşahidə edilir. Alğı-satqı əməliyyatlarında iştirak edən vasitəçilərin payları (daşınmaz əmlak satıcıları, notariat kontorları, banklar) 2014-cü ilə nisbətdə təxminən 40% azalıb.
Mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qrupuna aid edilməsi müddəaları Milli Məclisin 20 oktyabr 2015-ci il iclasında, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində müzakirə olunub. Layihədə bu sahələrin təqdim edilməsi və satılması üzrə müqavilələri təsdiq edən notariusların ödəmə mənbəyində sadələşdirilmiş vergi tutması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi də nəzərdə tutulur. Sadələşdirilmiş verginin birbaşa notariuslarda tutulmasına dair müddəa vergi ödənişlərinin sadələşdirilməsinə istiqamətlənib.
“Şəffaflıq Azərbaycan” təşkilatı yeni dəyişiklikləri vergi sisteminin təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirir. Amma təklif olunan dəyişikliklərə baxmayaraq bu sahədə yenə problemlər mövcuddur. Tövsiyələr daşınmaz əmlak sahəsində vergilərin hesablanması sisteminin sadələşdirilməsi, eləcə də mübahisəli məqamların aydınlaşdırılması məqsədi daşıyır”.
Tövsiyələr bunlardır:
1) Qanun layihəsinə 2014-2015-ci il ərzində daşınmaz əmlak satmış, onun gəlir vergisini ödəmiş və ya ödəməmiş şəxslərə nisbətdə yeni qaydaların tətbiq olunacağına dair müddəa əlavə edilsin.
2) Vergi ödəməyən şəxslərə qarşı başlanmış istintaq, eləcə də məhkəmə qərarının əsas olduğu hallardan başqa vergi orqanlarının bizneslərə retrospektiv qaydada ötən 3 il üçün yenidən vergi hesablaması səlahiyyəti ləğv edilsin. Bunun əvəzində 12 aylıq müddətin müəyyən edilməsi, eləcə də hesablanmış verginin ödənilməsinin 5 ildən 2 ilə qədər azaldılması təmin edilsin. Başqa sözlə, vergi bəyannaməsində təqdim edilmiş məlumatlar 12 ay ərzində yoxlanmalı və bağlı sayılmalıdır. Bu müddətdən sonra vergi ödənişlərinin yenidən hesablanması yalnız məhkəmə qərarı əsasında təmin edilsin.
Retrospektiv qaydada hesablanmış vergi ilə birlikdə keçmiş tarixə münasibətdə hesablanan peniya (cərimə) ləğv edilsin, peniya yeni hesablanan vergi günündən tətbiq edilsin.
3) Vergi ödəyiciləri vergi borcunun, maliyyə sanksiyalarının, faizlərin necə hesablanması ilə bağlı düsturu vergi ödəyicilərinə aydın şəkildə təqdim etsin.
4) Vergilər Məcəlləsinə düzgün tutulmayan verginin, maliyyə sanksiyasının, faizlərin və inzibati cərimələrin vergi ödəyicisinin müraciət etməsindən asılı olmayaraq proaktiv qaydada geri qaytarılması ilə bağlı dəyişiklik edilsin.
5) Qanunvericilikdə “daimi yaşayış yeri” anlayışının geniş izahı verilsin, fiziki şəxslər üçün faktiki (daimi) və hüquqi (qeydiyyatda olduğu) ünvan anlayışları tətbiq olunsun, həmin anlayışlara uyğun olaraq hər biri üçün ayrı-ayrılıqda qeydiyyat tətbiq edilsin.
6) Əmlak 5 il boyunca şəxsi mülkiyyətdədirsə (qeydiyyatda olub-olmamasından asılı olmayaraq), vergi tətbiq olunmamalıdır.
Vergilərin tətbiqini sadə dil və konkret nümunələrlə izah edən animasiya video-çarxları hazırlansın.
7) Daşınmaz əmlakın təqdim edilməsinə görə sadələşdirilmiş verginin tətbiqi vətəndaşın mülkiyyətində olan 3-cü və sonrakı mülklərə münasibətdə həyata keçirilsin.
8) Qeyri-yaşayış obyektlərinin dəqiq təsnifatı verilsin, hər kateqoriya üzrə ayrıca vergi dərəcələri müəyyən edilsin.
Yaxud bəzi qeyri-yaşayış sahələrinin (qaraj, lift, blok, zirzəmi) təqdim edilməsi zamanı vergi yaşayış sahələrinə uyğun hesablanan vergi dərəcələri kimi hesablansın.
9) Torpağın təqdim edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilsin.
Torpağın sahəsinin satışından tutulan vergi torpaq ərazisinin ölçüsünə, yerləşdiyi məntəqəyə və təyinata (yaşayış və ya qeyri-yaşayış) uyğun hesablansın.
Kənd təsərrüfatı torpaqlarının satışına ayrıca aşağı vergi dərəcəsi tətbiq edilsin.
10) İndiyədək üzərində mülkiyyət hüquqları qeydə alınmamış mənzillərin, fərdi yaşayış evləri və bağ evlərinin qeydiyyatı sahəsində problemlərin araşdırılması və həll edilməsi üzrə xüsusi komissiya yaradılmalı və həmin mülkiyyət hüquqlarının qeydiyyatı həll edilməlidir.
Mənzil Məcəlləsinin 24-cü maddəsi “yaşayış sahəsinin yenidən planlaşdırılması və ya yenidən qurulmasına dair məlumatlandırma icraatının tətbiq olunması, eləcə də vətəndaş tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etdiyi gündən etibarən 15 gün ərzində əsaslandırılmış imtina olmadıqda vətəndaş artıq öz əməliyyatlarına başlaya bilər” məzmununda dəyişdirilsin.
Mənzil Məcəlləsinə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması kimi əməliyyatları aparmış vətəndaşların məsələlərini tənzim edən maddə daxil olunmalıdır. Həmin maddədə “vətəndaş icra hakimiyyəti orqanı ilə razılaşdırmadan 5 ildən artıq müddətdir mülkiyyətində olan yaşayış sahəsinə konstruktiv dəyişikliklər etməsinə dair təsdiqləyici sənədlər təqdim etdiyi halda həmin yaşayış sahəsi ilə əlaqədar çıxarış və texniki pasportlarda icra hakimiyyətinin qərarı olmadan dəyişiklik edilməlidir” sözləri qeyd olunsun.
Mənzillər, fərdi yaşayış evləri və bağ evləri də daxil olmaqla ümumilikdə tikililər üzərində hüquqların qeydiyyatı prosesində müəyyən sənədlərin və məlumatların qeydiyyat orqanı tərəfindən digər dövlət orqanlarından elektron məlumat mübadiləsi formasında alınması təşkil olunsun. Çünki bu məlumatlar tikintiyə icazə və tikinti barədə məlumatlandırma icraatı, habelə tikilinin istismarı proseslərində müvafiq dövlət orqanlarına təqdim edilir.
11) Ödəniş qəbzlərində ödənişin istiqaməti – mənzil haqqı və ya əmlak vergisi göstərilsin və hər biri üçün ayrıca qəbzlər verilsin.
12) Bələdiyyələr xidmət haqqını əsaslandığı qərarı təqdim etməklə tələb etsinlər.