Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan” qəzetinin 20 noyabr sayında məqalə ilə çıxış edib. O yazır ki, son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilib, o cümlədən hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, məhkəmələrin büdcəsinin müəyyən edilməsində rolu artırılıb, hakimlərin maaşının azaldılması qanunla qadağan olunub, onların yüksək peşəkarlığından digər aidiyyəti sahələrdə də bəhrələnilməsi üçün imkan yaradılıb: “Eyni zamanda hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturlarında örnək kimi qiymətləndirilən çoxmərhələli seçim proseduru yaradılıb ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnib”.
Transparency.az-ın məlumatına görə, nazir qeyd edir ki, prezidentin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il sərəncamı strateji məqsədləri müəyyən edərək məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoyub, müasir İKT-lərin tətbiqini daha da sürətləndirib: “Ötən ay Sabunçu Məhkəmə Kompleksinin açılışı zamanı dövlət başçısına təqdim edilmiş və artıq sınaq rejimində istifadəsinə başlanmış bu sistemin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən elektron formada müraciət edəcək məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar. Nəticə etibarı ilə məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcək”.
Fikrət Məmmədovun yazdığına görə, bu ilin 9 ayında ölkənin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1822 layihə hüquqi ekspertizadan keçirilib: “Hüquqi Aktların Dövlət Reyestrinə 1445 sənəd daxil edilib və reyestrin Huquqiaktlar.gov.az və milli qanunvericiliyin E-qanun.az internet saytları daha da zənginləşdirilib. Əhalinin təmənnasız istifadəsinə verilmiş həmin elektron bazalara vətəndaşlar 110 mindən çox baş çəkib”.
Nazir bildirir ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artıb: “2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2,5 milyona çatıb, bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”.
Fikrət Məmmədovun yazdığına görə, hazırda şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir: “Ədliyyə orqanları 20-dək elektron xidmət aparır, müxtəlif mətbu nəşrlər, illik toplular çap edir. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq üzrədir”.
Nazir yazır ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb: “Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.
Eyni zamanda qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Nazirliyin İstintaq İdarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.
Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb”.