Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-oktyabr aylarına dair makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir: “Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilib və həmin sahələrdən 2785,1 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə məhsulu toplanmış 34,3 min hektar dən üçün qarğıdalı sahəsindən 205,7 min ton məhsul götürülüb.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 827,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 min ton çox kartof, 1234,0 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton (58,2 min ton çox) şəkər çuğunduru, 3338,7 ton (627 ton çox) tütün yarpağı yığılıb. Sahələrdən 27,0 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib, 18,8 min ton dən üçün günəbaxan yığılıb.
2015-ci ilin yanvar-oktyabr aylarında 385,1 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1625,8 min ton (3,8 faiz çox) süd, 1290,0 milyon ədəd (0,7 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunub.
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalının 10,7 faiz, heyvandarlıq məhsulları istehsalının 2,4 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7 faiz təşkil edib.
Gələn ilin məhsulu üçün 716,4 min hektar sahədə şum qaldırılıb, 325,9 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 168,5 min hektar sahəyə buğda, 157,4 min hektar sahəyə isə arpa səpilib.
2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 8076,2 milyon manatı və ya 61,7 faizi məhsul istehsalı obyektlərinin, 4150,8 milyon manatı (31,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 860,1 milyon manatı (6,6 faizi) isə ümumi sahəsi 1491,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 milyon manatını və ya 57,2 faizini daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 9760,1 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12,1 milyard manat vəsait daxil olub, büdcədən 12,2 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 92,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faizi səviyyəsində olub. Büdcə xərclərinin 4,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil edib, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil edib.