Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda deyilir ki, zaman-zaman jurnalist adından sui-istifadə hallarına rast gəlinir: “Bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır. Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompromat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır.
Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyillərin mövcudluğundan ciddi şəkildə narahatdır.
Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov noyabrın 18-də AZƏRTAC-a açıqlamasında deyib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb: “Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və sair bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur.
Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidir. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidir. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.