Noyabrın 17-si Parisdə UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Prezident İlham Əliyev foruma qatılaraq çıxış edib. O, noyabrın 13-ü Parisdə baş vermiş terrora görə başsağlığı verərək deyib ki, bu dəhşətli hadisə beynəlxalq ictimaiyyətin terror bəlası ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. İlham Əliyev çoxsaylı terror hadisələrindən əziyyət çəkmiş Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.
Azərbaycan-UNESCO əlaqələrinə toxunan prezident deyib ki, ölkə qurumun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib: “2003-cü ildə Azərbaycanla UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb: “Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib”.
Prezident əminliklə vurğulayıb ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.
Dövlət başçısı deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı bu günə kimi davam edir: “Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz tamamilə dağıdılıb”. İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayıb. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” deyən İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışıb, ölkənin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələri barədə məlumat verib, UNESCO-nun 70 illiyi münasibətilə təbriklərini çatdırıb.