AŞPA-nın Siyasi Məsələlər Komitəsində məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə oktyabrın 28-də Parisdəki toplantıda qəbulu olundu. Bu məruzənin qəbuluna Ermənistan, erməni lobbisi və onların təsiri altında olan bir qrup avropalı deputat mane olmağa çalışsa da, çoxluq Azərbaycanın mövqeyini dəstəklədi. Məruzə işğal altındakı torpaqların boşaldılmasını, Azərbaycanın suverenliyinin bərpasını və azərbaycanlı qaçqınların geri qayıtması hüququnun tanınmasını ehtiva edir. Növbədə yeni məruzə gəlir.
Noyabrın 23-də AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə digər məruzəçinin hesabat layihəsi dinləniləcək. Birinci məruzə kimi bu məruzə də millət vəkili Elxan Süleymanovun AŞPA rəhbərliyinə irəli sürdüyü qətnamə layihəsi əsasında hazırlanıb. Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç tədbirdə “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda çıxış edəcək.
Militsa Markoviç hesabatla əlaqədar avqustun sonlarında Azərbaycana səfər etmişdi. Markoviç də Volter kimi Ermənistan və işğal altındakı torpaqlara buraxılmayıb. Bu məruzədə Sərsəng su anbarının işğal altında saxlanmasının Azərbaycan rayonlarının su imkanlarından məhrum olmasına yol açdığı faktı vurğulanıb. Əgər Markoviçin məruzəsi də səs çoxluğu ilə qəbul olunsa, bu, qısa müddətdə Ermənistan hakimiyyətinə AŞPA-nın ikinci ciddi zərbəsi olacaq. Ermənistan və erməni lobbisi bu məruzənin qəbul olunmaması üçün bütün diplomatik imkanlarını səfərbər edib. Ayrı-ayrı avropalı diplomatlara zənglər edilərək məruzəyə səs verməmələri “məsləhət” görülür. Gələn xəbərlərə görə, məruzəçinin özünə də təzyiqlər artıb.
1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş Sərsəng su anbarı 125 metr hündürlükdə bəndə və 560 milyon kubmetr su tutumuna malikdir. Sərsəng sy anbarı 23 ildir işğal altındadır. Məhz bu işğal nəticəsində, BMT-nin proqnozlarına görə, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr sırasında 37-ci yerdə olacaq. Ən təhlükəlisi odur ki, işğalda olduğu müddətdə Sərsəng su anbarının texniki qurğuları köhnəlib və qəza vəziyyətindədir. İşğalçıların isə texniki qurğuları dəyişdirmək və ya onlara xidmət etmək kimi dərdi yoxdur. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə ciddi ekoloji və humanitar böhran yarada bilər.
Buna görə də AŞPA-da Sərsəng su anbarı ilə bağlı məruzənin qəbulu və bunun qətnaməyə çevrilməsi Azərbaycan üçün vacibdir. Sərsəng su anbarının işğal altında qalması ətrafda yaşayan insanların və onların təsərrüfatının su ilə təminatına imkan vermir. Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Digər tərəfdən Sərsəng su anbarının işğalı nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il hədsiz zərər vurur.
Sərsəng su anbarı ilə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri də məşğul olublar. Həmsədrlər 2014-cü ilin mayında bölgəyə səfərlərinin yekunu olaraq bəyanat hazırlamışdılar. Bəyanatda xüsusi bir təkliflə çıxış etmişdilər. Təklifin mahiyyəti bu idi ki, qarşı duran tərəflər işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər.
Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə dialoqa getmir. Rəsmi Bakı yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini bəyan edib. Ona görə də sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağla danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunsa, İrəvan bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi tədqim edəcək.
Buna baxmayaraq, həmsədrlər AŞPA nümayəndəsinin məruzəsinə əsaslanaraq, yenidən Sərsəng su anbarının birgə istifadəsi məsələsini aktuallaşdıra bilərlər. Rəsmi Bakının mövqeyi dəyişməyəcək. Sərsəng su anbarı yalnız sülh sazişi imzalandıqdan sonra birgə istifadə üçün müzakirə predmeti ola bilər. Sərsəng su anbarının gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
Hələliksə, Azərbaycanın qarşısnda 3 hədəf var:
Birinci hədəf – AŞPA komitəsində Sərsəng su anbarı ilə bağlı məruzənin qəbuluna nail olmaq;
İkincis hədəf – AŞPA sessiyasında Azərbaycanla bağlı iki məruzənin qətnaməyə çevrilməsinə nail olmaq;
Üçüncü hədəf – münaqişənin həllinin sürətləndirilməsində AŞPA qətnamələrinin real alətə çevrilməsinə nail olmaq.
“Atlas” Araşdırmalar Mərkəzi