Noyabrın 17-si Naxçıvan Muxtar Respublikasında yeni seçilmiş Ali Məclisinin sessiyası keçirilib. Sessiyada Vasif Talıbov yenidən Ali Məclisin sədri, bölgənin ali vəzifəli şəxsi seçilib. Xəbəri APA yayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini ötən həftə təsdiqləyib. 45 deputatlıq Ali Məclisin deputatları majoritar seçki sistemi ilə seçilir. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Transparency.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə Şərurun Aşağı Aralıq kəndində doğulub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirib. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
1995-ci il dekabrın 16-da, 2000-ci il dekabrın 7-də, 2005-ci il noyabrın 28-də və 2010-cu il dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.
1995-ci il aprelin 8-dən Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatının sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, İdarə Heyətinin üzvüdür.
“Şöhrət” ordeni laureatıdır.
Evlidir, 3 övladı var.