Noyabrın 17-də Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisi ilə bağlı müraciətlərə baxıb. APA-nın məlumatına görə, 90 saylı Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyev və müstəqil namizəd Qalib Qarayevin şikayətlərinə baxan MSK dairə üzrə seçkinin nəticələrini ləğv edib. MSK səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün belə bir qərar verib.
Araşdırmaya əsasən, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib, 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulub: “7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var”.
90 saylı dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev idi.