AXCP sədri Əli Kərimli “Turan” agentliyinə müsahibəsində Ədliyyə Nazirliyinin partiyanın qeydiyyatı ilə bağlı qərarına münasibət bildirib.
Sentyabrın 27-si Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının VI (IX) qurultayı keçirilib. Qurultayda AXCP sədrliyinə açıq seçki olub. Əli Kərimli yekdilliklə sədr seçilib.
50 yaşlı Əli Kərimli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi olub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini postunu tutan, 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilən Əli Kərimli 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
Ötən həftə Ədliyyə Nazirliyi AXCP-nin 27 sentyabr qurultayının nəticələri barədə qərar verib. Nazirlikdən AXCP-yə göndərilən məktubda bildirilib ki, Razi Nurullayev də quruma AXCP qurultayı adı ilə sənəd təqdim edib, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlər daxil olduğu üçün məhkəməyə üz tutmaq lazımdır.
Noyabrın 16-da “Turan”a danışan Əli Kərimli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə görə, qurultay keçiriləndə, yeni rəhbərlik formalaşdırılanda bunlar dövlət reyestrinə daxil edilməlidir: “Əvvəl belə şeylər olmayıb. 1992-ci ildə “Siyasi partiyalar haqqında” qanun qəbul olunub və partiyalar qeydiyyatdan keçəndən sonra tam müstəqil fəaliyyət göstəriblər, bunun Ədliyyə Nazirliyinə, hökumətə heç bir aidiyyəti olmayıb. Bəlkə də bizə tətbiq etmək üçün bu düzəlişi etdilər.
Həmin düzəlişə əsasən, biz qurultayın sənədlərini təqdim etməliyik ki, yeni formalaşmış rəhbərlik dövlət reyestrinə daxil edilsin. Ədliyyə Nazirliyi bizim sənədlərimizi geri qaytarıb. Bəhanə ediblər ki, bu ad altında başqa adamlar – Razi Nurullayevin dəstəsi də Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin hərəkəti tam qanunsuzdur. Çünki Razi Nurullayev özü mətbuat konfransı keçirib, telekanallar da bunu yayıb, orada elan edib ki, mən onu AXCP-də sədr müavini vəzifəsindən uzaqlaşdırandan sonra özü AXCP-dən istefa verib. Yəni AXCP-yə heç bir aidiyyəti olmadığını milyonlarla vətəndaşın qarşısında ifadə edib.
Onun ətrafında olan adamlar da ya uzun illər əvvəl Xalq Cəbhəsindən istefa veriblər, ya da partiyanın müvafiq strukturlarının qərarı ilə təşkilatdan uzaqlaşdırılıblar. Söhbət vaxtilə Xalq Cəbhəsində olmuş və qanuni yolla partiyadan çıxarılmış 5-6 nəfər adamdan gedir, onların heç birinin AXCP adından danışmaq haqqı yoxdur. Partiyanın qurultayı da nizamnaməyə tam uyğun keçirilib”.
Əli Kərimli əlavə edib ki, hələ 2003-cü ildə partiyanın qeydiyyatını ləğv ediblər, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi, indi BAXCP adlanan qurumu AXCP kimi tanıyıblar, amma 9 gündən sonra qərarı ləğv ediblər. Partiya liderinin qənaətinə görə, Ədliyyə Nazirliyi ədliyyə funksiyasından istifadə edərək, siyasi vasitəyə çevrilərək hökumətin siyasi tapşırığını yerinə yetirib və Xalq Cəbhəsini bu yolla hüquqdan kənarda qoymağa çalışırlar”.
AXCP sədri Ədliyyə Nazirliyinin qərarının partiyaya hüquqi baxımdan təsiri ola biləcəyini düşünür: “Guya bu məsələ mübahisəlidir, ona görə biz məhkəməyə müraciət edəcəyik. Amma Azərbaycanda məhkəmələrin necə işlədiyi hamıya məlumdur. Məhkəmələrə rəhbərlik edən Ədliyyə Nazirliyi belə bir mövqe bildiribsə, deməli, məhkəmənin də nəticəsi əvvəlcədən bəllidir. Bu, birbaşa İlham Əliyevdən gələn siyasi tapşırıqdır. Yəqin ki, məhkəmələr də bu xətti davam etdirəcəklər. Hüquqi baxımdan bütövlükdə bu proses perspektivdə Xalq Cəbhəsinin legitim strukturlarına problem yarada bilər. Amma biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda faktiki fəaliyyətimizi davam etdirəcəyik”.
Razi Nurullayevin qrupu oktyabrın 18-i Bakıda qurultay keçirib. 212 nəfərin iştirak etdiyi qurultayda Razi Nurullayevin 3 namizəd arasından gizli səsvermə ilə, 165 səslə partiya sədri seçildiyi açıqlanıb. Həmin qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün olunan müraciətə Ədliyyə Nazirliyində baxılır.