Prezident İlham Əliyev iyirmilər qrupunun (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə işgüzar səfər edib. Həmin gün Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından G20 sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib. İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da nahara qatılıblar.
Noyabrın 15-də Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul təşkil olunub. Həmin gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri işçi naharda bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev iyirmilər qrupu ölkələri liderlərinin sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib. Dövlət başçısı Türkiyə prezidentinin şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.
İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda uğurlar əldə etdiyini vurğulayıb, ölkədə yaradılmış sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində görülən işlərdən danışıb.
Noyabrın 15-də dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr aparılıb. İlham Əliyev müzakirələrdə çıxış edib.
Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstan koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. İlham Əliyev qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir: “Ermənistanın terror təşkilatlarının Azərbaycanda törətdiyi terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub”.
Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan prezident qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub: “Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan indiyədək buna məhəl qoymur. Dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara əməl olunmaması çox ciddi məsələdir”.
Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.