Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Aleksandr Starovoytov Baş Prokurorluğa müraciət edərək “Facebook”, “Odnoklassniki” və digər sosial şəbəkələrin yoxlanmasını xahiş edib.
Novator.az xəbər verir ki, Starovoytov Baş Prokurorluqdan sosial şəbəkələrin “Fərdi məlumatların müdafiəsi” qanununa əməl edib-etmədiyinin yoxlanmasını istəyib.
Rusiyalı deputat hesab edir ki, belə bir yoxlama Belçikada Brüssel məhkəməsinin çıxardığı qərardan sonra vacibdir.
Noyabrın 11-də Brüssel Mülki Məhkəməsi “Facebook” sosial şəbəkəsi ilə bağlı qərar çıxarıb. Sosial şəbəkəni məhkəməyə Belçikanın şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komissiyasının üzvləri verib. Komissiya üzvlərinin iddiasına görə, “Facebook” istifadəçilərin və sosial şəbəkədə qeydiyyatdan keçməyən vətəndaşların davranışını izləyir və bu, Belçika və Avropa qanunvericiliyinə ziddir. Komissiyanın araşdırması göstərib ki, “Facebook” tapşırıq əsasında istifadəçilərin kənar saytlardakı davranışı haqda məlumatlar toplayır. Tədqiqat nəticəsində “Facebook”un sosial şəbəkədə qeydiyyatdan keçməyən vətəndaşları da izlədiyi üzə çıxıb.
Brüssel Mülki Məhkəməsinin noyabrın 11-də çıxardığı qərara əsasən, “Facebook” 48 saat ərzində Avropa İttifaqı ölkələrindən olan istifadəçiləri izləməyi dayandırmalıdır. Dayandırmasa, hər ötən gün üçün Belçikanın şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komissiyasına 250 min avro təzminat ödəməlidir. Sosial şəbəkə isə ittihamları əsassız hesab edir və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Rusiyada sentyabrın 1-dən “Fərdi məlumatların müdafiəsi” haqqında qanuna dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər Rusiya ərazisində insanların fərdi məlumatlarının lokallaşdırılmasını nəzərdə tutur.