Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qarşısının alınması istiqaməti üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti ilə bərabər, Azərbaycanın dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Konfransı açıq elan edən baş nazirinin müavini Elçin Əfəndiyev deyib ki, bu gün qadınlara qarşı zorakılıq və bunun qarşısının alınması müasir dövrün problemlərindən biridir. Məişət zorakılığının əsas səbəblərindən biri odur ki, qadınların bir çoxu hələ də öz hüquqlarını bilmir və qanunvericiliyin onlar üçün yaratdığı şəraitdən xəbərsizdirlər.
Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən baş nazirin müavini diqqətə çatdırıb ki, prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. E.Əfəndiyev bildirib ki, 5 il əvvəl “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, bu gün planetin ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür.
Mövzunun aktuallığını qeyd edən BMT baş katibinin müavini Babatunde Osotimehin bildirib ki, dünyada hər 3 qadından biri məişət zorakılığına məruz qalır. Bu, çox dəhşətli rəqəmdir. Görünür ki, cinayətkarların sayı çoxdur və onlar təqib olunmurlar. Cəzasızlıq mühiti geniş vüsət alıb. Ona görə də bu kimi cinayətlərin sayında artım qeydə alınır. Onun sözlərinə görə, qlobal çərçivədə bu məsələni milli sistemə daxil etdikdə həmin cinayətkarların mütləq şəkildə cəzalandırılması labüd olacaq.
BMT rəsmisi onu da qeyd edib ki, heç bir qadın tərəqqidən geridə qalmamalıdır. Qadın və qızlara qarşı zorakılıq hallarına qarşı ciddi tədbirlər görülməlidir. Nikah yaşının Azərbaycanda 18 yaş kimi qəbul edilməsi isə təqdirəlayiq haldır.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda məişət zorakılığının kökünün olmadığını, qadının tarixən cəmiyyətdə və ailədə yüksək tutulduğunu qeyd edib, həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçki hüququnun verildiyini diqqətə çatdırıb.