Cenevrə şəhərində BMT-nin işgəncələrə qarşı komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycanın dördüncü dövri məruzəsinə baxılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
X.Xələfov Azərbaycanın dördüncü dövri hesabatını təqdim edib. O, ölkəmizin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib. Nazir müavini Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, “ASAN xidmət”in yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısının alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov Azərbaycan ərazilərinin 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu bildirib. O, işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişə nəticəsində 4 mindən çox soydaşımızın itkin düşdüyünü deyən nazir müavini onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib. Bununla yanaşı, 2014-cü ilin iyulundan Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların hökumətimizin ciddi narahatlığına səbəb olduğunu komitə üzvlərinin diqqətinə çatdırıb.
Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı komitə üzvləri nümayəndə heyətinə ünvanlanmış sualları aidiyyəti üzrə və dolğun şəkildə cavablandırıb.
Tədbir interaktiv dialoq formasında keçirilib.