2015-ci ilin sonuna ay yarım qalıb. Bu il ərzində də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı. Əksinə, cəbhə bölgəsində gərginlik azalmayıb, atəşkəsin pozulması halları intensivləşib, ağır artilleriyadan istifadə artıb. ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həllində acizlik nümayiş etdirirlər. Həmsədrlərin builki fəaliyyətinin əsas qayəsini Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək təşkil edir. Ancaq heç bu məqsədə də nail olmayıblar.
Həmsədrlərin “durğunluq” dövrü yaşadığı bir vaxtda Avropa Şurası Parlament Assambleyası (AŞPA) təşəbbüsü ələ almağa qərar verib. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurası daha ədalətli mövqedən çıxış edir. AŞPA-nın siyasi məsələlər komitəsində məruzəçi Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzənin oktyabrın 28-də Parisdə qəbulu da bundan xəbər verir.
AŞPA-da Dağlıq Qarabağla bağlı məruzənin qəbulu uzunmüddətli gərgin müzakirələrin və mübarizənin məhsuludur. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan bir neçə qətnamə layihəsini AŞPA rəhbərliyinə təqdim etdikdə erməni deputatlar və erməni lobbisinin təsiri altında olan avropalı deputatlar güclü müqavimət göstərdilər. Buna baxmayaraq, AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın armasına dair” məruzənin hazırlanmasına qərar verilir. Yəni gərgin mübarizənin nəticəsi olaraq çoxluq Azərbaycanın yanında yer aldı. Müvafiq məruzənin hazırlanması britaniyalı deputat Robert Volterə həvalə olundu. Elxan Süleymanov ermənilərin işğal altında olan Kəlbəcər rayonu ərazisində girov götürdükləri Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı layihəni AŞPA rəhbərliyinə təqdim etdikdə bu məsələ də məruzəyə daxil edilməsi üçün Robert Volterə verildi.
Robert Volter məruzəni hazırlamaq məqsədilə iki dəfə Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirib, cəbhə bölgəsində olub. Volterin Ermənistana da səfəri planlaşdırılırdı. Ancaq rəsmi İrəvan onunla əməkdaşlıqdan imtina etdi. Görünür, artıq rəsmi İrəvan o zaman anlayırdı ki, hazırlanan hesabat Ermənistanın işğalçı mahiyyətini ortaya qoyacaq. Və belə də oldu. Volterin hazırladığı hesabatda birmənalı olaraq işğal faktı vurğulandı, işğalçının ünvanı da göstərildi və ondan işğala son qoyması tələb olundu. Bu illər ərzində Dağlıq Qarabağla bağlı qəbul edilən heç bir beynəlxalq hesabat və ya məruzədə işğal və onun doğurduğu nəticələr Volterin hesabatındakı qədər açıq-aydın göstərilməyib.
Hesabatın üstünlükləri bunlardır:
Birincisi, hesabatda “münaqişə” ifadəsinin yerinə “işğal altındakı ərazilər” ifadəsi işlədilib. Halbuki ilkin mətndə “münaqişə” ifadəsindən istifadə olunurdu.
İkincisi, “işğal edilmiş ərazilər” Dağlıq Qarabağla yanaşı, ətraf ərazilərin də işğalını ehtiva edir.
Üçüncüsü, məruzədə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması faktı vurğulanır.
Dördüncüsü, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ilin iyun ayında qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” qərarı yer alıb. Bu qərara görə, Dağlıq Qarabağdan qovulan azərbaycanlıların geri qayıtması hüququ tanınır ki, Ermənistan bu qərara riayət etməlidir.
Beşincisi, məruzədə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Altıncısı, məruzədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən qətnamələr xatırladılır.
Yeddincisi, sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizlə yanaşı, Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması vacibliyi yer alır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edilib.
Birinci düzəlişə görə, “…Dağlıq Qarabağ bölgəsinə dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin əvəzinə “…Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi yazılıb. İkinci düzəlişdə “Dilqəm Əsgərovla Şahbaz Quliyev qeyd-şərtsiz azadlığa buraxılmalıdırlar” ifadəsi yer alıb. Üçüncü düzəlişdə isə “Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsi “qətiyyətlə pislənir” ifadəsi ilə əvəz edilib.
Ermənistanın AŞPA-dakı nümayəndələri və Avropadakı lobbiçiləri məruzənin qəbul edilməməsinə səy göstərsələr də (Ermənistanın xarici işlər naziri və Avropadakı səfirləri şəxsən ayrı-ayrı avropalı deputatlara zəng edərək, onlara Azərbaycanın “lehinə” səs verməməyə çağırıblar), erməni tərəfinin “qətnamə ləğv edilsin” təklifi 14 nəfər “lehinə”, 24 nəfər “əleyhinə” olmaqla rədd olundu.
Beləliklə, Robert Volterin hazırladığı 18 maddəlik məruzə gələn ilin yanvarında AŞPA-nın sessiyasında müzakirəyə çıxarılacaq. Böyük ehtimalla məruzə qəbul olunacaq. AŞPA insan haqları və demokratiya mövzularında Azərbaycan hakimiyyətini tənqid etsə də, Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Bunun özü göstərir ki, rəsmi Bakı AŞPA ilə əməkdaşlığını, ayrı-ayrı deputat və fraksiyalarla təmaslarını genişləndirməlidir. Məsələn, avropalı deputatlarla təmasda olan Elxan Süleymanovun sözlərindən belə aydın olur ki, məruzənin hazırlanması mərhələsində avropalı deputatların bir qismi Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumata malik deyilmişlər, yalnız onlarla aparılan çoxsaylı müzakirələrin nəticəsində Azərbaycan torpaqlarının işğalı faktını təsdiq ediblər. Və ya əgər AŞPA Rusiyada həbsdə saxlanan Ukrayna vətəndaşı Nadejda Savçenkonun dərhal azadlığa buraxılmasını tələb edirsə, eyni münasibəti işğalçı Ermənistanın girovluğunda saxlanan Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı da sərgiləməli idi.
Noyabrın 23-də AŞPA-nın sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə digər məruzəçinin də ilkin hesabat layihəsi dinlənəcək. Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç tədbirdə “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda çıxış edəcək. Militsa Markoviç hesabatla əlaqədar 24-27 avqust tarixlərində Azərbaycana səfər edib. Markoviç də Volter kimi Ermənistana və işğal altındakı torpaqlara buraxılmayıb. Yeni məruzədə Sərsəng su anbarının işğal altında saxlanmasının Azərbaycan rayonlarının su imkanlarından məhrum olmasına yol açdığı faktı vurğulanıb. Ermənistan ikinci məruzə ilə də AŞPA-dan növbəti zərbəni ala bilər.
Bundan sonrakı hədəf qəbul olunan və olunacaq bu məruzələrin beynəlxalq vasitəçilərin işində əsas götürülməsinə nail olmaqdır. Doğrudur, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik AŞPA komitəsində qəbul olunan məruzədən narazı qaldığını belə əsaslandırıb ki, onlarla məsləhətləşmə aparılmayıb. Halbuki qətnamə haqqında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik məlumatlı idi. Uorlikin açıqlaması o deməkdir ki, Minsk qrupu üçün AŞPA-nın qətnamələri və məruzələri əsas deyil. Demək, bunun əksi olaraq Azərbaycan diplomatiyasının başlıca vəzifəsi həmsədrləri AŞPA qətnamələrinə nəzərə almağa məcbur etməkdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Qarabağla bağlı üzərinə düşəni etdi, estafeti Azərbaycanın Xarici İşlər Nazirliyi götürməlidir.
Əlbəttə, qəbul edilən qətnamə və məruzələrin Ermənistan hakimiyyətinin mövqeyinə təsir edəcəyini söyləmək çətindir. Rəsmi İrəvan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməyəcək. Buna baxmayaraq, BMT-nin 4 qətnaməsi, üstəgəl, bu il Avropa İnsan Haqları Məhkəməsinin Çıraqovlarla bağlı qəbul etdiyi qərar və AŞPA-da qəbul olunan qətnamələr Azərbaycana danışıqlarda manevr imkanlarını genişləndirməyə imkan verir. Digər tərəfdən Azərbaycan öz torpaqlarını güc yoluyla azad etmək yolunu tutarsa, qəbul olunan qətnamələrdəki əsas maddələrə söykənəcək.
“Atlas” Araşdırmalar Mərkəzi