Noyabrın 12-də prezident İlham Əliyev sərəncam imzalayaraq Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib.
Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri (əvvəllər rabitə və informasiya texnologiyaları naziri) postunu 2004-cü ildən tuturdu.
Transparency.az bildirir ki, Əli Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu bitirib və Ukrayna Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.
1982- 1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik edib.
1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunub və bu vəzifədə 2000-ci ilə qədər çalışıb.
1994-cü ildə informasiya emalı və idarəetmə sistemləri ixtisası üzrə dissertasiya müdafiə edib və texnika elmləri doktoru adını, 1996-cı ildə informatika sahəsində professor elmi adını alıb.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2001-2004-cü illərdə Milli Məclisin deputatı və Avropa Şurasının Parlament Assambleyasının üzvü olub.
2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri olub. 7 mart 2014-cü ildə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Prezident İlham Əliyevin 27 dekabr 2012-ci il sərəncamı ilə Əli Abbasov “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.