Prezident İlham Əliyev noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağına qatılaraq çıxış edib. Dövlət başçısı Milli Elmlər Akademiyasının 70 ildə böyük və uğurlu yol keçdiyini vurğulayıb: “Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə, kadr hazırlığı işinə dəyərli töhfələr verib. Bu gün də Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.
Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.
Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər”.
İlham Əliyev ölkənin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı fikirlərini bölüşüb: “Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır.
Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulub. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir.
Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək.
Eyni zamanda bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.
Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir.
Ancaq bununla bərabər bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilib və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər”.
Prezident əlavə edib ki, Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur: “Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaq. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaq. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşüb. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaq. Yəni bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik.
Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz infrastruktur layihələri idi. Biz onları Bakıda və bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd yolları, magistral yollar, təmir işləri bundan sonra da davam edəcək. Ancaq bunlarla bərabər mütləq yeni yanaşma da olmalıdır.
Son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Bunun nəticəsidir ki, bu ilin doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən çox artıb. İndiki şəraitdə bu, tarixi nailiyyətdir. Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq. Texnoparklar yaradılır. Kimya Sənaye Parkının artıq təməli qoyulub. Orada artıq ilk müəssisələr yaradılıb. Azərbaycan alimləri bütün bu işlərdə fəal iştirak etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə inşaat və mühəndislik işlərini xarici podratçılar icra edirlər. Ancaq müvafiq dövlət qurumlarına göstəriş verilib ki, Azərbaycan alimlərini də bu işə cəlb etsinlər. Xahiş edirəm ki, alimlər özləri də bu işlərdə fəallıq göstərsinlər.
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülüb. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcək. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayır, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaq.
Biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik. Yəni biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar”.
Dövlət başçısı hərbi sənaye məsələlərinə də toxunub: “Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.
Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin”.
İlham Əliyev humanitar elmlər haqqında da danışıb və dil məsələsi üzərində xüsusi dayanıb: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaq”.
Dövlət başçısı Azərbaycanın çox zəngin tarixi olduğunu vurğulayıb: “Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulub. Yəni bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq, təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülüblər. Hansı məqsədlə köçürülüblər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır.
Hesab edirəm vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. O vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.