Prezident İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfər edib. Paytaxt Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkını, Qəhrəmanlar Memorialını ziyarət edəndən sonra İlham Əliyev Gürcüstan prezidenti Georgi Margvelaşvilinin iqamətgahında rəsmən qarşılanıb. Prezidentlər əvvəl təkbətək, sonra geniş tərkibdə görüşüb iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparıblar.
AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər birgə bəyannamə imzalayıblar, ardınca mətbuata bəyanatlarla çıxış ediblər.
Georgi Margvelaşvili deyib ki, Azərbaycan hər zaman Gürcüstana həm iqtisadi, həm də humanitar sahədə dəstək verir: “Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq”.
Gürcüstan prezidenti Azərbaycanla Gürcüstanın birgə həyata keçirdikləri layihələrin Avropa üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışıb.
İlham Əliyev qeyd edib ki, prezidentlərin imzaladığı birgə bəyannamə əlaqələrin inkişaf perspektivlərini müəyyən edir: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapıb. Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.
Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı — Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq ki, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul ediblər.
Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılıb”.
Prezident gürcü həmkarı ilə enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdiyini deyib: “Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün uğurla icra edilir. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq.
Əlbəttə ki, Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti, gələcəkdə bir mövqedən çıxış etməyimiz bu dəhlizi çox etibarlı dəhliz kimi ortaya qoyacaq. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Əlbəttə ki, gəlirlərimiz də çoxalacaq.
Bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu mümkündür. Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək”.
Həmin gün İlham Əliyevin şərəfinə Georgi Margvelaşvilinin adından rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir: “Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır.
Humanitar sahədə də münasibətlərimiz uğurla davam etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir”.