Economy.gov.az-a danışan Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gedişi barədə məlumat verib (Müsahibə). O deyib ki, qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb: “Təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir. Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabrdan qüvvəyə minəcək. Ümumilikdə dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.
İlkin Məcidov qeyd edib ki, dərman bazarı bir sıra xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və burada sərbəst rəqabətin olması heç də öz-özlüyündə qiymətlərin aşağı düşəcəyinə zəmanət vermir: “Sərbəst rəqabət bazarının dörd əsas şərti mövcuddur. Bunlardan birincisi bazarda alıcı və satıcının çox olması, ikincisi firmaların bazara asanlıqla daxil olması, üçüncüsü məhsulların eyni (homogen) olması və nəhayət dördüncüsü, hər kəsin bazar haqqında tam informasiyaya sahib olmasıdır.
Dərman bazarının xüsusiyyətlərinə görə üçüncü və dördüncü şərtlərin təmin olunmaması ümumilikdə dərman bazarında sağlam rəqabət mühitini formalaşdırmağa imkan vermədiyi üçün əksər ölkələr, o cümlədən iqtisadiyyatı kifayət qədər liberal olan Avropanın inkişaf etmiş ölkələri dərman bazarını tənzimləmək məcburiyyətindədirlər.
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da istehlakçılar dərman bazarı və dərman vasitələri barədə yetərli informasiyaya malik deyil. Bundan istifadə edən marketinq firmaları öz aralarında rəqabət artdıqca qiymətləri aşağı salmaq əvəzinə qaldırır və vətəndaşın hesabına tanıtma xərclərini artıraraq rəqibləri ilə eyni tərkibdə (homogen) olan dərman vasitəsini heterogen, yəni “fərqli dərman” kimi başqa adda satışa çıxarırlar. Tanıtma xərclərinin son həddi olmadığından dərmanların qiyməti dəfələrlə şişirdilmiş olur. Dolayısı ilə rəqabət artdıqca paradoksal olaraq qiymətlər də artır.
Bu kimi xüsusiyyətlər nəzərə alınaraq dərman vasitələrinin qiymətlərini bir sıra ölkələrdə, o cümlədən əksər Avropa ölkələrində bu və ya digər formada dövlət tənzimləyir. Tənzimlənmə həm də izafi tanıtma xərclərinin korrektə edilməsinə və nəticədə optimal qiymətlərin formalaşmasına xidmət edir.
Bu eyni zamanda sivil ölkələrdə qəbuledilməz hesab edilən idxalçı-həkim-aptek sövdələşməsinə də son qoymaqla yanaşı, orijinal və generik dərman vasitələri istehsal edən qabaqcıl əczaçılıq şirkətləri üçün daha əlverişli mühitin yaradılması deməkdir”.
Tarif (qiymət) Şurasının katibi əlavə edib ki, 3010 dərman vasitəsinin qiyməti tənzimlənib, bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib.
Məsələn, təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb. Şuranın son qərarı ilə həmçinin öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib”.
Qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasına toxunan İlkin Məcidov deyib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi tanıtma xərclərini artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan marketinq firmalarının imkanlarını məhdudlaşdırır və firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər: “Buna baxmayaraq dünyanın aparıcı şirkətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar”.