Dövlət Statistika Komitəsinin əhali və gender statistikası şöbəsi noyabrın 6-da yeni məlumat açıqlayıb. Xəbərə görə, hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin 26,7 faizini təşkil edir: “2014-cü ildə Azərbaycanda 170,5 min, cari ilin 8 ayı ərzində isə 109,0 min körpə dünyaya gəlib, onların 53,2 faizini oğlan, 46,8 faizini isə qızlar təşkil edir. Körpələrin 1970-i əkiz, 63-ü üçəmdir. Hesablamalara əsasən, ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən oğlanlarda 71,6, qızlarda isə 76,8 yaşdır.
Son illərdə ölkədə körpə ölümü nəzərəçarpacaq dərəcədə azalıb. Ötən əsrin 60-cı illərində körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 49,1, 90-cı illərdə 28,2 olduğu halda 2014-cü ildə bu göstərici azalaraq 10,2 təşkil edib.
Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2015-ci ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 251 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4 min nəfər həkim-pediatr çalışıb.
Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur.
2015-ci il iyul ayının 1-nə ölkədə 9,9 min ailədə olan 19,2 min uşağa aylıq sosial müavinət təyin olunub. Həmçinin sağlamlıq imkanları məhdud olan 65,6 min uşağa və 6176 ailənin 1 yaşınadək olan 6228 uşağına aylıq sosial müavinətlər verilib. 117,5 min aztəminatlı ailənin 252,1 min nəfər 18 yaşadək üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Azərbaycanda 1706 məktəbəqədər təhsil müəssisəsi, 4475 gündüz ümumtəhsil məktəbi, 113 peşə məktəbi və peşə liseyi, 61 orta ixtisas təhsil müəssisəsi, 53 ali məktəb fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 2260 uşaq dərnəyi və kollektivi, 80 uşaq kitabxanası və 237 uşaq musiqi incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir”.