Prezident İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Binada müəllimlər, tibb, qəbul, yataq, kompüter otaqları, idman, oyun, musiqi zalları yaradılıb. Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub.
AZƏRTAC-ın məlumatına görə, prezident Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasına da baş çəkib. Bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binada linqafon otağı, kompüter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən yararlanacaq.
İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib.
Noyabrın 4-də Zaqatala səfərini bitirib Şəkiyə gedən prezident İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Uzunluğu 35 kilometr olan avtomobil yolu Şəki və Qax şəhərləri arasında 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yol 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə edir. Yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb.
İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasiminə qatılıb. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb.
Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasına da baş çəkib. Kompleksdə Şəki Apellyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. 1 milyon 370 min əhaliyə xidmət göstərəcək kompleksdə 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir.
Dövlət başçısı mərasimdə çıxış edib.
Daha sonra prezident Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.
İlham Əliyev həmin gün Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa edilir. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq. Kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarına veriləcək. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də tikiləcək.
Müalicə və istirahət kompleksinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.