Noyabrın 3-də Xarici İşlər Nazirliyinin mətbuata açıqlaması yayılıb. Açıqlamada deyilir ki, yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının müşahidə heyəti Azərbaycan parlamentinə 1 noyabr seçkisinin azad, demokratik və şəffaf şəkildə keçirildiyini, seçicilərin iradəsini əks etdirdiyini, seçkiyə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu təsbit edib: “Seçki prosesində Mərkəzi Seçki Komissiyası və müşahidəçilər hər hansı xüsusi qanun pozuntusu halı qeydə almayıb. Bəzi dairələrin seçkini “boykot” etməsi və ya seçici fəallığının az olması, guya ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkini müşahidə etmək imkanı verilməməsi barəsində əsassız iddialar irəli sürməsi, seçkinin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə rəsmi mənbələrə istinad etmədən qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir”.
XİN-in açıqlamasında qeyd olunur ki, seçkini 500-dən artıq xarici müşahidəçi izləyib: “Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.
DTİHB-yə də seçkini müşahidə etmək üçün Xarici İşlər Nazirliyi 2015-ci ilin iyulunda dəvət göndərib. 12-14 avqust 2015-ci ildə DTİHB-nin ehtiyacların qiymətləndirilməsi missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair qiymətləndirmə hesabatı hazırlayıb. EQM əsas ekspert heyətinə əlavə olaraq seçkiyə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Azərbaycan ölkə əhalisinin sayına və 125 seçki dairəsinə uyğun olaraq 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğunu bildirib və EQM-in hesabatının yenidən nəzərdən keçirilməsini tövsiyə edib. DTHİB ölkə əhalisi və 125 seçki dairəsi ilə müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib, guya müşahidəçilərin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək bəzi dairələrin təsiri altında parlament seçkisinə seçki müşahidə missiyası göndərməmək barədə mandatına zidd birtərəfli qərar qəbul edib. DTHİB-nin birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.
Azərbaycanın tərəfinin ATƏT-in fəaliyyətdə olan sədri qismində Serbiyanın iştirakı ilə ATƏT-in Daimi Şurasında konstruktiv məsləhətləşmələr yolu ilə məsələni müzakirə edərək həllin tapılması, habelə seçki müşahidə missiyası olmasa belə seçkiyə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB qeyri-konstruktiv münasibət bildirib.
Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkinin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur.
Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək bu seçkidə iştirak edib. Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkinin nəticələrini və legitimliyini müəyyən edir”.
Transparency.az xatırladır ki, 1 noyabr seçkisinin ilkin nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası 125 nəfərlik parlamentə 71 deputat keçirib. Milli Məclisə düşən digər partiyalardan Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 mandat qazanıblar.
Ölkənin əsas müxalifət təşkilatlarından olan AXCP seçkini boykot edib. 25 namizədi qeydə alınmış Müsavat Partiyası isə oktyabrın 28-də seçkidən çəkilib.
“Azadlıq” radiosunun məlumatına görə, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib: “DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür. Tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi.
Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq. Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti də parlament seçkisi barədə ilkin bəyanat yayıb. Bəyanatda deyilir ki, parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHB arasında razılıq əldə olunmadığından təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkiyə Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib.
Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb: “Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. 1 noyabr seçkisində bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib”.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların xeyri naminə yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.