Azərbaycan diasporu Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz bəyanatı ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən noyabrın 3-də Novator.az-a daxil olan məlumata görə, Azərbaycan-Türk Kültür Mərkəzi Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.
Bu ölkədəki erməni diasporu noyabrın 7-də adı çəkilən universitetdə qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sərkisyanı dəvət etməyi planlaşdırır.
Azərbaycan-Türk Kültür Mərkəzinin seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə ünvanlandığı etiraz məktubunda bildirlir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılıb. Bu “respublikaının” yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insan öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.
Bəyanat müəllifləri separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində planlaşdırılan çıxışının Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğuracağını vurğulayıblar.
Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərabycan diaspor nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlülüyü prinsiplərinə hörmətlə yanaşaraq işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq.