Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İndoneziya paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransında çıxış edib. O, Azərbaycan hökumətinin əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində məqsədyönlü tədbirləri davam etdirdiyini vurğulayıb: “Son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 180 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dollara çatıb. Ölkədə 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb və işsizliyin səviyyəsi 4,9 faizə, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5 faizə enib”.
Nazir deyib ki, qlobal iqtisadi və maliyyə böhranı, həmçinin son dövrlərdə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi faktorlar bir çox ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatının enerji resursları ixrac edən üzv dövlətləri üçün müəyyən risklər yaradıb: “Belə şəraitdə hər bir dövlətin məqsədi ən azı öz iqtisadiyyatını baş verən mənfi proseslərin təsirindən qorumaq, yaxşı halda isə yaranmış çağırışları imkana çevirməkdir. Azərbaycan Respublikası da yaranmış yeni vəziyyəti nəzərə alaraq çevik və innovativ siyasətə xüsusi önəm verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi, həmçinin islahatlar vasitəsilə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həyata keçirilir”.
Səlim Müslümov Ermənistanın hərbi təcavüzünün ölkənin iqtisadi-sosial inkişafına böyük maneə törətdiyini diqqətə çatdırıb: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb”.
Xəbəri Transparency.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.