AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Dünya nizamından “nizamsızlığa” doğru” məqaləsini yayıb. Transparency.az-ın məlumatına görə, Ramiz Mehdiyev yazır ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda sıçrayış edib: “Bu gün ölkəmiz Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yeri tutur və MDB ölkələri arasında liderdir. Elektron hökumətin tətbiqi sahəsində BMT-nin apardığı sorğuda Azərbaycan 68-ci yeri tutur. Liberal ideoloqlar dünya ictimaiyyətinə daim deyirlər ki, iqtisadi inkişaf yalnız demokratiyanın mövcud olması və hüquqlara riayət edilməsi şərti ilə mümkündür. Lakin bu halda onlar dolayısı ilə etiraf edirlər ki, demokratik təsisatlara təzyiq göstərildiyi şəraitdə iqtisadiyyatda bu qədər sanballı uğurlar qazanmaq qeyri-mümkündür.
İnkişafın Azərbaycan modeli iqtisadi və siyasi sistemlərin paralel inkişafını nəzərdə tutur. Hazırda Azərbaycan İKT indeksinə görə Cənubi Qafqazın digər ölkələrini inamla qabaqlayaraq dünyada 64-cü yeri tutur. Son beş ildə ölkədə internet bazarının həcmi dörd dəfə genişlənib. On ildə internet istifadəçilərinin sayı 10 dəfədən çox artıb. Ölkədə müstəqil medialar açılmasına və onların sərbəst fəaliyyətinə məhdudiyyət yoxdur, arzu edən hər kəs üçün sosial şəbəkələr açıqdır. Hətta Qərb ölkələrinin suveren dövlətlərdə iğtişaşlar və çevrilişlər təşkil olunması üçün geniş istifadə etdikləri “Facebook” və “Twitter” şəbəkələri də bizdə hamı üçün əlyetərlidir. Lakin Avropada bizi çox vaxt qeyri-demokratiklikdə və öz fikrini müstəqil ifadə etmək imkanlarının, internet azadlıqlarının olmamasında ittiham edirlər. Əgər bunlar doğru olsaydı, bu platformalar bağlanardı. Onlardan Qərbi qane etməyən rejimləri devirmək məqsədilə istifadə edilməsi isə hamıya çoxdan məlumdur.
Reallıq göstərir ki, Azərbaycan demokratik dövlətdir, burada vətəndaşların bütün hüquqları, o cümlədən söz azadlığı təmin edilir. Demokratik islahatlarla yanaşı institusional islahatların həyata keçirilməsi də davam edir. “ASAN xidmət”in yaradılmasından məqsəd dövlət xidmətlərinin keyfiyyətini və maliyyə şəffaflığını yaxşılaşdırmaqdır. Bu xidmət Qərb ölkələrinin və Qərb təsisatlarının çoxuna nümayiş etdirib ki, Azərbaycan kimi gənc demokratik ölkə qısa müddətdə vətəndaşlara xidmətlər təqdim edilməsinin forma və mexanizmlərinin yaxşılaşdırılması məsələlərində Avropa ölkələrinin çoxu üçün standarta çevrilə biləcək müxtəlif profilli dövlət servisi yaratmağa nail olub. Bunu müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmi şəxsləri də özlərinin hesabatlarında və bəyanatlarında təsdiq edirlər.
Azərbaycanda artıq 5 milyona yaxın insan “ASAN xidmət”lərdən istifadə edib. Bu fakt özlüyündə aparılmış islahatın uğurlu olmasına dəlalət edir. 2015-ci ildə “ASAN” BMT-nin dövlət xidmətlərinin təqdim edilməsi sahəsində mükafatına layiq görülüb. Bu da ölkəmizin 94 həmin sahədə uğurlarının BMT-də etiraf olunmasına sübutdur. Bu ilin sentyabr ayında Prezident İlham Əliyev sosial problemlərin həllinə, savadsızlığın, yoxsulluğun aradan qaldırılmasına, “Minilliyin məqsədləri”nin yerinə yetirilməsinə görə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif edilib. Bu fakt bir daha təsdiq edir ki, sosial-iqtisadi problemlərin həlli sahəsində bizim uğurlarımız beynəlxalq birlikdə etiraf edilir.
Buna baxmayaraq Avropadakı bəzi dairələr Azərbaycanın hətta bu cür sanballı uğurlarını da inadkarlıqla görməməyə çalışırlar. Ölkəmizin inadkar tənqidçilərinə bunu xatırlatmaq artıq olmazdı ki, Azərbaycan ölkədə demokratiya qurmağa yalnız iyirmi beş il bundan əvvəl başlayıb. Ölkəmizin müstəqillik, demokratikləşmə və hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə əsr lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik”.
Prezident Administrasiyasının rəhbəri qeyd edir ki, Avropa inteqrasiyasında islahat ümdə zərurətə çevrilib: “Daxili və xarici problemlərin həllində Avropa İttifaqının beynəlxalq münasibətlərin aktoru kimi səmərəsiz olduğunu göstərən çoxsaylı nümunələr bu qurumun staqnasiyasını və inteqrasiya prosesində deqradasiyanın başlanmasını nümayiş etdirir. Digər tərəfdən islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir. Avropa İttifaqı və digər Avropa təsisatlarının hər yerdə ikili standartlar siyasəti tətbiq etməsi Aİ-yə etimadı azaldan amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun azalması təkzibedilməz fakt olub”.
Sonda Ramiz Mehdiyev yazır ki, Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır: “Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.