“Bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”. AZƏRTAC-ın məlumatına görə, oktyabrın 28-i Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir: “Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq.
Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu infrastruktur layihələrinin içində içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə bu layihələrin açılışlarını etmişik. Bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin”.
İlham Əliyev deyib ki, son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatıb: “Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaq. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik”.
Prezident Bakıda ekoloji vəziyyətin yaxşılaşdığını vurğulayıb: “Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur, orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır.
Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb, bənd tikilib və işlər davam etdirilir.
Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaq. Gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar da salınacaq. Yəni o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik.
100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunları yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib.
Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu zavod oradan köçürüldü, bütün lazımi tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını qurtara bildik. İçməli su layihəsi bax, bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların sağlamlığına təsir göstərən amildir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır: “Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida — bizim prioritetlərimiz bax bunlardır. Bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir.
Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar”.