Azərbaycan prezidentinin gömrük sahəsində nəzarəti yüngülləşdirən 22 oktyabr fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər. Əvvəlki qaydaya əsasən, ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər.
Fins.az saytı gömrükdə yeni qaydaları şərh edib. Şərhdə qeyd olunur ki, yeni qaydalar xaricdən ölkəyə ən müxtəlif malların ödənişsiz gətirilməsinə şərait yaradır: “Bu qərardan sonra indiyədək vergisiz gətirilməsi mümkün olmayan mallar da ödənişsiz gətirilə biləcək. Məsələn, mebel dəstləri, kompüterlər və digər elektron cihazlar, fotoaparatlar, kameralar, xəz geyimləri, məişət texnikası. Bu əşyaların qiyməti adətən 1500 ABŞ dollarından yüksək olduğuna görə indiyədək onları ölkəyə gətirmək üçün rüsum ödəmək lazım gəlirdi, bəzi hallarda isə vətəndaşlar bu rüsumları da nəzərə alaraq malın baha başa gəldiyini hesablayır və onları xaricdən gətirmək fikrindən daşınırdı. İndi isə qiyməti 10 min manata qədər olan bütün əşyaları – avtomobillər və aksizli məhsullardan başqa – ödənişsiz gətirmək mümkün olacaq.
Amma məbləğin artması ilə məsələ bitmir. Xaricdən gələn vətəndaşı ödənişsiz buraxmaq üçün onun özü ilə gətirdiyi malların doğrudan da şəxsi istifadə üçün lazım olduğu müəyyənləşməlidir. Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, gətirilən malların şəxsi istifadə üçün lazım olması Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarına əsasən müəyyən edilir. Həmin qərara əsasən, gömrük sərhədindən gətirilən malların təyinatı müəyyən ediləndə fiziki şəxsin səfərinin bütün halları nəzərə alınır, malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün gətirildiyi yəqinləşdirilir, onların xassələri və miqdarı nəzərə alınır. Bundan başqa mal gətirən şəxsin sərhəddən mal keçirməsinin mütəmadiliyi də nəzərə alınır. Yəni dəqiqləşdirilir ki, bu şəxs nə qədər tez-tez mal gətirir. Gətirilən malın doğrudan da şəxsi istifadə üçün nəzərdə tutulduğu dəqiqləşəndən sonra onların ödənişsiz ölkəyə buraxılmasına icazə verilir.
Nazirlər Kabinetinin adı çəkilən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı bu güzəştli qaydada, yəni ödənişsiz gətirə bilər. Dövlət Gömrük Komitəsi bildirir ki, bu əşyalar müxtəlif ola bilər – məsələn, iki kostyum və ya iki digər geyim, cihaz və s. Amma yaxın vaxtlarda bu qaydaların da dəyişməsi gözlənir. Prezidentin 22 oktyabr fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində normativ hüquqi aktlarını fərmana uyğunlaşdırsın. Deməli, 305 saylı qərara da dəyişiklik ediləcək.
Xaricdən mal gətirənlər bəzi nüansları nəzərə almalı olacaqlar. Birincisi, gətirilən malın qiymətini göstərən sənədin olması vacibdir. Bu – mağazada verilən qəbz, alğı-satqı müqaviləsi, ümumiyyətlə pulun ödənilməsini təsdiq edən sənədlər ola bilər. Gömrük orqanları malın qiymətini məhz belə müəyyən edirlər.
İkincisi, mal gətirənlər nəzərə almalıdırlar ki, malın üstündəki və ya qəbzdəki qiymət malın gömrük dəyəri sayılmır. Gömrük dəyəri dedikdə malın təkcə alış qiyməti yox, onun Azərbaycan sərhədinədək çatdırılması üçün çəkilən xərclərin məcmusu başa düşülür. Məsələn, biz Türkiyədən, İstanbuldan 5 min manata mebel dəsti alıb Azərbaycana gətirmək istəyirik. Təbii ki, onun daşınması üçün yük avtomobilinə vəsait (tutaq ki, 500 manat) ödənilir, üstəlik, mal yolda baş verə biləcək hadisələrdən sığortalanır (tutaq ki, 50 manat) ödənilir. Belə olanda Azərbaycanın sərhədində malın gömrük dəyəri 5 min manat yox, 5 min 550 manat (5 min manat + 500 manat + 50 manat) olacaq”.