Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb.
ASA-dan Novator.az-a verilən məlumata görə, Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.
Mərkəzdə təşkil ediləcək ilk tədris proqramı bir neçə gün əvvəl – oktyabrın 25-də təqdimatı keçirilmiş sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) proqramıdır.
“PSS” proqramı Azərbaycan Sığortaçılar Assosiasiyası Tədris Mərkəzinin nəzdində təşkil ediləcək və 3 moduldan ibarət olacaq. ARPA tərəfindən təşkil olunan imtahanlarda uğur qazanan sığortaçılara “PSS” proqramı üzrə sertifikat veriləcək. Sertifikatların Maliyyə Nazirliyi tərədindən tanınması nəzərdə tutulub.
“PSS” proqramında dərs vəsaiti kimi dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabından istifadə ediləcək.
Proqramın 1-ci modulu 1 ay davam edəcək və 12 dərsdən ibarət olmaqla, ümumi sığorta prinsiplərinə aid olacaq. Dərslər həftədə üç dəfə (həftənin 1, 3 və 5-ci günləri), saat 09:30-dan 11:30-a dək davam edəcək.
Tədris planına uyğun olaraq 1-ci modul üzrə dərslər 11 noyabr – 11 dekabr 2015-ci il tarixlərində keçiriləcəkdir. Modulun tədrisi yekunlaşandan imtahan təşkil olunacaqdır. 1-ci modulun yekunları üzrə üzrə keçiriləcək imtahanda müvəffəqiyyət qazanlara bununla bağlı arayış veriləcəkdir.
Tədris proqramının 1 modulunda iştirak haqqı 280 manat təşkil edir
Proqram üzrə təlimlər Azərbaycan Sığortaçılar Assosiasiyasının yerləşən ofisində (Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, Babək Plaza) keçiriləcək.