Prezident İlham Əliyev oktyabrın 27-də “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanın preambulasında qeyd olunur ki, son illər ipoteka kreditlərinə çıxış artıb, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib, amma əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir.
Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılmasını gənc və aztəminatlı ailələrin əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaq, ipoteka kreditləşməsi sistemini təkmilləşdirmək, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək zərurəti ilə əsaslandırıb.
Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur. ASC Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəliklərinə, habelə əmlakına sahib durur.
“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir.
Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır. İdarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan prezidenti həyata keçirir.
ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir.
2005-2015-ci illər ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilir.
Nazirlər Kabineti ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Hökumətə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq da tapşırılıb.
Bir ay ərzində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də hazırlanıb prezidentə təqdim olunmalıdır.
Nazirlər Kabineti ASC-nin nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində prezidentlə razılaşdıraraq təsdiqləməlidir.
ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi, orta bazar qiymətinin müəyyən edilməsi qaydaları da bir ay müddətində təsdiq olunmalıdır.