Müsavat Partiyasının Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək 1 noyabr parlament seçkisi ilə bağlı yekun qərar verib. Transparency.az-ın məlumatına görə, Divanın qərarı barədə rəsmi açıqlamada deyilir:
– Müsavat Partiyasının Məclisi 29 avqust 2015-ci il toplantısında demokratiya uğrunda siyasi mübarizənin davamlılığının təmin edilməsi, seçki kampaniyasının verdiyi minimum imkanlardan istifadə edərək xalqla təmasların artırılması, cəmiyyətin avtoritarizmə qarşı müqavimət gücünün qorunub saxlanması və artırılması, bu dövrdə yol verilən qanun pozuntuları və saxtakarlıqların miqyasının yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması məqsədi ilə 1 noyabr parlament seçkisində iştirak barədə qərar qəbul etdi. Bu qərar qəbul edilərkən seçki kampaniyasının müxtəlif mərhələlərində seçkilərdə iştirak məsələsinin yenidən müzakirə edilməsi tövsiyə olunmuşdu.
Müsavat Partiyasının Divanı 10 oktyabr növbədənkənar iclasında bu məsələni bir daha müzakirəyə çıxararaq hakimiyyət qarşısında azad və ədalətli seçkilərin keçirilməsi prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün təkliflər vermiş, siyasi məhbusların azadlığa buraxılması, namizədlərə pulsuz efir vaxtının ayrılması kimi zəruri tələblər irəli sürmüş, seçkidə iştirakla bağlı məsələyə bilavasitə seçki ərəfəsində yenidən baxılması haqda qərar qəbul etmişdi.
Divan 28 oktyabr növbədənkənar iclasında qeyd edilənləri açıq toplantısında müzakirə edərək siyasi məhbusların həbsdən azad edilmədiyini; seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını; seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğunu; namizədlər arasında ayrı-seçkiliyə yol verildiyini; Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyini, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini; bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını; müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını; ATƏT-in müşahidə missiyasının ölkəyə buraxılmadığını; müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər təyin etməsinin qarşısının qeyri-qanuni alındığını; seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, apellyasiya məhkəmələri və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini; seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanlarının əsasən tükəndiyini bəyan edir və qərara alır:
1. Müsavat Partiyası 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirakını dayandırsın.
2. Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkisinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin.
3. Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi İcra Aparatına tapşırılsın.
Transparency.az bildirir ki, qərar qəbul olunarkən Divan üzvlərindən əleyihinə səs verən olmayıb, 1 nəfər bitərəf qalıb.
Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.
Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.