Dünya Bankı Qrupu biznes mühitini qiymətləndirən “Doing Business-2016” hesabatını açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycan 189 ölkə arasında 63-cü yerdədir.
Ötən ilki hesabatla müqayisədə Azərbaycan islahat indikatorunda bir bal irəliləyib. Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və xırda investorların müdafiəsi kimi üç sahədə aparılan islahatlarla izah olunur. Hesabata görə, il ərzində Azərbaycan dünyada üç və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır.
Qeyd olunur ki, Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb. Biznesə başlama müddəti 5 gündən 3 günə qədər azalıb.
Hesabata görə, Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həyata keçirmək üçün “bir pəncərə” sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb, anbarların tikintisi üzrə prosedurların sayı isə 24-dən 18-ə endirilib.
O da bildirilir ki, Azərbaycan əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin aparılması və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələbləri tətbiq etməklə kiçik investorların müdafiəsini gücləndirib.
Hesabatda Azərbaycan biznesə başlama indikatoru üzrə 189 ölkə arasında 7-ci yerdə qərarlaşır. Hesabata görə, Azərbaycan əmlakın qeydiyyatı sahəsində də qabaqcıl təcrübəni tətbiq edir. Əmlakın ötürülməsinin qeydiyyatı orta hesabla 8,5 gün çəkir. Dünyada bunun orta göstəricisi 48 gündür.
Tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) indikatorlarında isə Azərbaycan geridədir. Qlobal göstərici (160 gün) ilə müqayisədə ölkədə anbar tikintisi üçün icazə 203 gün vaxt aparır.
Azərbaycan ədliyyə infrastrukturun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunması indikatorlarında da geridə qalır.
Biznes mühitinin ümumi reytinq cədvəlində ilk üçlükdə Sinqapur, Yeni Zelandiya, Danimarka qərarlaşır. Siyahını Cənubi Sudan, Liviya və Eritreya qapadır.
Reytinq cədvəlində Azərbaycana qonşu dövlətlərdən Gürcüstan 24-cü, Ermənistan 35-ci, Rusiya 51-ci, Türkiyə 55-ci, İran 118-cidir.