Bəkir Nərimanoğlu
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinin 9 oktyabr sayında yazırdı ki, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilib, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” yaradılıb, reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.
Bu məqalənin dərcindən 3 gün keçəndən sonra hökumətin iclasında danışan prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları tənqid etdi: “Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.
2 illik qadağa
Prezident bu çıxışından sonra Milli Məclisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi göndərdi. Oktyabrın 20-si parlamentdə qəbul edilən həmin qanun artıq imzalanıb. Qanuna görə, yoxlamalar bu il noyabrın 1-dən 2 il müddətinə dayandırılır. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində bu yoxlamalar aparıla bilər:
– dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
– fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;
– təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;
– sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;
– kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;
– radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.
Siyahıda nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlamaya həmin nazirliyin əməkdaşı da qatılır.
Vahid reyestr işə yaramadı?
Yoxlamalar sahəsində vahid reyestri əsas gətirən hökumət rəsmiləri hər şeyin qaydasında olduğunu deyirdilər. Yoxlamalar 1 may 2011-ci ildən fəaliyyətə başlamış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmaqla həyata keçirilirdi. Həmçinin 2 iyul 2013-cü ildə qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun qəbul ediləndə bu sahədə problemlərin olmayacağı bildirilirdi. Ancaq görünən odur ki, bu qanun da işləməyib.
10 fəsil və 38 maddədən ibarət olan bu qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Sənəddə qeyd edilir ki, müəyyən olunmuş tələblərə uyğun olmayaraq aparılan, eləcə də vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, maraqların toqquşmasına görə yoxlamalarda vahid reyestr işləmədi: “Reyestr işləsəydi, yoxlamalarda ardıcıllıq olmalı idi”.