“Facebook” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Suxerberq həyat yoldaşı Prinsilla Çan ilə birlikdə uşaqların hələ dünyaya gəlməmişdən əvvəl qəbul olunacağı pulsuz ibtidai məktəb açacaq. O, yeni tədris növü haqqında sosial şəbəkə səhifəsində yazıb.
Bildirilir ki, məşğələlərə 3 yaşından başlanacaq. Məktəblilərə 12 illik təhsil müddəti başa çatanadək tibbi xidmət göstəriləcək. Təhsil müəssisəsinin Kaliforniyanın İst Palo Alto şəhərində açılması nəzərdə tutulur. “Mən Prinsillanın təhsil və səhiyyəni birləşdirəcək yeni növ məktəb istifadəyə verməsindən fəxr edirəm” – Suxerberq qeyd edib.
Məktəbin ilk şagirdlərinin aztəminatlı ailələrdən olması gözlənilir. Təhsil müəssisəsinin nəzdində şagirdlər və onların ailələri üçün tibbi mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, burada hamilə qadınların perinatal müalicəsi aparılacaq.
“Sağlamlıq və təhsil bir-biri ilə sıx bağlıdır. Uşaqlar xəstə olanda oxumaqda çətinlik çəkirlər. Hər gün ölkədə uşaqların və müəllimlərin əksəri zəif sağlamlığın nəticələri ilə üzləşir” – Suxerberq əlavə edib.
Məktəbin 2016-cı ilin avqustunda fəaliyyətə başlaması planlaşdırılır.
Xəbəri Mincom.gov.az Lenta.ru-ya istinadən yayıb.