Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin göstərişinə əsasən, oktyabrın 25-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Həmin gün hərbi hissəyə gələn müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər valideynləri və yaxınları ilə görüşərək ölkə prezidenti, ali baş komandan İlham Əliyevin tapşırığına əsasən qısa müddətdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, ordunun silahlanmasına qəbul edilən ən müasir döyüş texnikası, silah-sursat, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, eləcə də müdafiə sahəsinə aid infrastruktur dəyişiklikləri və digər məsələlər barədə söhbət edib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan “Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.
Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.
Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçuların təltifi və valideynlərə təşəkkür məktubları təqdim olunub.
Bütün hərbi hissələrdə valideynlər komandanlıqla görüşüb, onları maraqlandıran suallara cavab tapıb və sonda birlikdə xatirə şəkli çəkdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, “Açıq qapı” günləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək.