Prezident İlham Əliyev oktyabrın 25-də Sumqayıta səfər edib. O, Kimya Sənaye Parkının ərazisində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polimer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimlərinə qatılıb.
AZƏRTAC-ın məlumatına görə, etilen-polietilen zavodunun kollektivi ilə görüşündə İlham Əliyev deyib ki, kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir: “Ölkə iqtisadiyyatı ilk növbədə sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir.
Eyni zamanda bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.
Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur.
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik.
Əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq. Bu gün burada təməl daşını qoyduğum “SOCAR Polimer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”.