Müsavat Partiyası 1 noyabr parlament seçkisini dayandırmaq tələbi irəli sürüb. Oktyabrın 25-də partiya paytaxtın Yasamal rayonunda, İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Musavat.com xəbər verir ki, partiyanın başqanı, 33 saylı Xətai dairəsindən deputatlığa namizəd Arif Hacılı çıxışında qeyd edib ki, Müsavatın seçkidən imtinası aktualdır, bu məsələ oktyabrın 28-də son dəfə müzakirə olunacaq.
Partiyanın sabiq başqanı, 15 saylı Yasamal dairəsindən deputatlığa namizəd İsa Qəmbər son günlər ölkədə baş verən hadisələrə toxunaraq hakimiyyəti ittiham edib: “Milli təhlükəsizlik nazirinin hansı oyunlardan çıxdığı rəsmi şəkildə etiraf olunur. İlham Əliyev bilirdi ki, Milli Təhlükəsizlik Nazirliyi özünün bilavasitə funksiyaları ilə məşğul olmaq əvəzinə xalqa qarşı fəaliyyət göstərir, demokratik düşərgəyə qarşı fəaliyyət göstərir. Amma elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib. İlham Əliyev indi bilib ki, bu nazirik Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmış. İndi məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyi deyil, milli təhlükə nazirliyi, Azərbaycan dövlətinə təhlükə nazirliyidir. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədir”.
Mitinqin qətnaməsində deyilir: “Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait yoxdur. Seçki qanunvericiliyi belə seçkilərin keçirilməsinə imkan vermir. Seçki komissiyaları tam olaraq hakimiyyətin nəzarəti altındadır. Bərabərhüquqlu təbliğat imkanları mövcud deyil, xüsusilə pulsuz efir vaxtının verilməməsi bu imkanları tamamilə aradan qaldırıb. Yüzədək siyasi məhbusun olması, seçki kampaniyası dövründə də repressiyaların davam etməsi, söz və ifadə azadlığına qarşı davamlı basqılar, saxtakarlıqların və qanun pozuntularının vüsət alması vəziyyəti bir qədər də ağırlaşdırır”.
Müsavat Partiyası bu tələbləri qoyub: “Siyasi məhbuslar azad edilsin! Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılsın! Seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilsin, ilk növbədə seçki komissiyalarının müstəqilliyi təmin edilsin! Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtı ayrılsın! Seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbir görülsün! Bütün bu və digər zəruri tədbirlərin görülməsi üçün parlament seçkisi dayandırılaraq dörd ay sonraya təyin edilsin!”
Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.
Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.