Vergilər Nazirliyində kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov deyib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilib, proqnoza 100,5 faiz əməl olunub: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil edib ki, bu da proqnozun 100,8 faiz icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir”.
Analitik-informasiya şöbəsinin yaydığı rəsmi məlumata görə, nazir vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri ilk növbədə lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, ilk növbədə yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquq pozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır.
Fazil Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.
Nazir deyib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan Fazil Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.