Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ANS TV-nin “Hesabat” verilişinin qonağı olub. O, kölgə iqtisadiyyatı barədə sualları da cavablandırıb.
– Kölgə iqtisadiyyatı deyiləndə konkret nə nəzərdə tutulur?
– Belə bir anlayış var — gizli iqtisadiyyat və yaxud kölgə iqtisadiyyatı. Lakin gizli iqtisadiyyatla yanaşı bərabər müşahidə olunmayan digər üç element də var: qeyri-qanuni fəaliyyət, ev təsərrüfatlarının öz şəxsi istehlakı üçün istehsal etdiyi mallar və qeyri-formal fəaliyyət.
– Bu gün Azərbaycanda kölgə iqtisadiyyatı neçə faiz təşkil edir?
– Kölgə iqtisadiyyatı və bundan öncə də sadaladığım üç komponent daxil olmaqla müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payı 2013-cü ilin statistik məlumatına görə, 9,1 faizdir. Hazırda biz 2014-cü ilin statistikası üzərində iş aparırıq, müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payı təxminən 9 faiz səviyyəsində gözlənir.
– Bəzən bu rəqəm 25-30 faiz göstərilir. Bu informasiyalar nə dərəcədə etibarlıdır?
– Müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payını hətta 50-60 faiz həddində qiymətləndirənlər var. Lakin təhlil zamanı ilk növbədə ümumi daxili məhsulun tərkibinə baxmalıyıq. Hazırda ümumi daxili məhsulun tərkibində neft sektoru 31-32 faizdir. Neft sektorunda gizli iqtisadiyyat yoxdur. Azərbaycan mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulub və bu sahədə Dövlət Neft Fondu BMT-nin mükafatını alıb. Burda üçtərəfli koalisiya var. Bütün neft şirkətləri hesabatlar verir və bu sahədə şəffaflıq tam şəkildə təmin edilib. Hamı qəbul edir ki, bizim neft sektorunda kölgə iqtisadiyyatı, gizlədilmiş, uçotdan yayındırılmış məhsul yoxdur.
İqtisadiyyatın digər sahələrinə nəzər yetirdikdə görərik ki, uçotdan bilərəkdən gizlədilən hissə — ticarət sahəsində 29, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 31, tikintidə isə 12 faiz təşkil edir. Amma biz informasiya, rabitə, elektrik enerjisinin istehsalı və su təchizatı sahəsində gizli iqtisadiyyat müşahidə etmirik. Bir sıra sahələrdə uçotdan yayınan məhsul və xidmətlər ümumiyyətlə yoxdur.
– Son illərdə ümumiyyətlə hansı tendensiya müşahidə olunur? Kölgə iqtisadiyyatı artır, yoxsa azalır?
– 2003-cü ildə kölgə iqtisadiyyatının ümumi daxili məhsulda payı 20,7 faiz idi. İndi isə 9,1 faizdir. 10 il bundan öncə mənfəət vergisi 27 faiz idisə, indi 20 faizdir. Fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi 35 faiz idisə, indi 25 faizdir. Bu amillər sahibkarın kölgədən çıxıb daha şəffaf, rəsmi qaydada fəaliyyət göstərməsinə zəmin yaradır.
– Azərbaycanda kölgə iqtisadiyyatı hansı həddə yol veriləndir və o yol verilən həddə çatmaq üçün dövlət hansı işləri görməlidir? Yəni vəziyyətimiz indi təhlükəli həddə deyil ki?
– Xeyr. Cənab prezidentin bu yaxınlarda verdiyi göstəriş və sərəncamdan bilirsiniz ki, sahibkarlar iki il ərzində yoxlamalardan tam azad olunublar. Bu o deməkdir ki, onların uçotdan nəyisə gizlətməsinə artıq heç bir səbəb yoxdur.