Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərə yeni mənzillər verib. Prezident İlham Əliyevin tapşırığı ilə 16 ailə ev alıb.
Rəsmi məlumata görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 22-də məcburi köçkün gəncləri qəbul edib. O deyib ki, Sabunçu rayonunun Ramanı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından gənclərə ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrılıb. Məcburi köçkün gənclərə mənzillərin orderləri və açarları təqdim olunub.
Transparency.az xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyaya məxsus 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini işğal edib. Şəhər yerlə-yeksan edilib, 613 nəfər öldürülüb, 1000-dən artıq dinc sakin şikəst olub, 150 nəfər yoxa çıxıb. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.