Oktyabrın 23-ü səhər Gəncədəki Şah Abbas məscidinin həyətində dindarlarla polis arasında qarşıdurma olub.
Hadisə şahidlərindən biri “Azadlıq” radiosuna deyib: “Saat 10-11 arası olardı. Bu gün cümə olduğundan camaat da çox idi. Haradasa 100 nəfər adam vardı. Hamı bilir ki, hər il Gəncədə Aşura günü ilə bağlı dindarların yürüşü olur. Bir də gördük polis tökülüb gəldi, əllərində dəyənək. Camaatdan dağılışmağı tələb etdilər. Dindarlar etiraz edəndə camaatı vurub dağıtmağa başladılar. Daxili Qoşunlardan da polislər vardı. Deyirdilər ki, siz yürüş keçirmək istəyirsiniz. Böyük zorakılıq oldu, 26 nəfəri tutub apardılar. Azan verməyə də qoymadılar”.
Hadisə şahidinin dediyinə görə, indi məscidin ətrafında çoxlu polis var. Məscidin qapısı bağlanıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, oktyabrın 23-ü bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb. Polisdən həmçinin qeyd olunub ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanıb və ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev isə APA-ya deyib ki, Gəncədə bir qrup dindar neçə müddətdir qarışıqlıq, insident yaratmaq istəyir. Asif Əliyev qeyd edib ki, oktyabrın 23-ü səhər saat 10:30 radələrində Aşura günü ilə əlaqədar 100-dək dindar Gəncə şəhər Şah Abbas Cümə məscidinin qarşısında toplaşaraq oradan İmamzadə ziyarətgahına yürüş etməyə cəhd ediblər: “Şəhər İcra Hakimiyyəti tərəfindən onlara nəqliyyatın ayrılması təklif olunmuşdu. Amma onlar polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qanunsuz şəkildə şəhərdə ictimai asayişi pozaraq, nəqliyyatın hərəkətini iflic edərək piyada yürüş etməyə cəhd ediblər. Məqsədləri də şəhərdə qarışıqlıq, insident yaratmaq olub. Polis bunun qarşısını almaq istəyəndə polisə müqavimət göstərib, sərt reaksiya veriblər. Polis də lazımı tədbir görüb”.
Komitə rəsmisi deyib ki, həmin dindarlara İmamzadə məscid kompleksinə getmək üçün aidiyyəti qurumlar tərəfindən dəfələrlə nəqliyyat vasitəsi, sakit formada getmək təklif olunub: “Amma onlar burada insident yaratmaq məqsədi ilə buna məhəl qoymayıblar və bu günkü hadisəyə səbəb olublar”.
Şöbə müdiri qeyd edib ki, sabah Gəncədə əvvəlcədən təyin olunan bütün məscidlərdə, o cümlədən İmamzadə ziyarətgah kompleksində də Aşura mərasimi qeyd olunacaq.
Bu il Aşura günü oktyabrın 24-nə düşür.
Haqqin.az saytının hadisədən yaydığı videolar: