Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri“ standartını təsdiq edib. Standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.
Transparency.az xəbər verir ki, standarta əsasən, nəqliyyat vasitələrinə xidmət zamanı əməyin mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə əməl olunmalıdır. Xidmət göstərilən zaman “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq tipi təsdiq olunmuş və kalibrləmədən keçmiş ölçmə vasitələrindən yararlanmalıdır. Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və ixtisaslaşma təlim və ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir.
Həmçinin xidmət zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti texniki normativ hüquqi aktların və nəqliyyat vasitələri istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun gəlməlidir. Avtoservisdə müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır. Sifariş qəbul edilən, rəsmiləşdirilən otaqda sifarişlərin qeydiyyat jurnalı, göstərilən xidmətlər üçün təyin edilən qiymətlər, ehtiyat hissələrinin və materialların qiymətləri, həmçinin yaxşı görünən yerdə stend üzərində avtoservis təşkilatının iş rejimi, göstərilən texniki xidmətlərin siyahısı, sifarişlərin yerinə yetirilməsi müddətləri və s. məlumatlar yer almalıdır.
Standarta əsasən, avtoservisin sifarişçi və ya onun nümayəndəsi ilə birbaşa ünsiyyətdə olan hər bir işçisi üzərində avtoservis təşkilatının adının, həmçinin bu işçinin soyadı və adı qeyd olunduğu yaxa kartı gəzdirməlidir. Nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib etməlidir. Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının və müqavilənin surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim edildikdə verilməlidir.
Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və şinlərin təmiri, təmizləmə-yuma, pardaqlama, sürtkü-yanacaq doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir.
Standart avtoservisləri 3 kateqoriyaya bölür:
– Nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatları;
– В kateqoriyalı avtoservis təşkilatları — nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin A kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;
– С kateqoriyalı avtoservis təşkilatları — servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan avtoservis təşkilatlarıdır.
Standartda həmçinin nəqliyyat vasitələrinə qulluq üzrə xidmətlərin siyahısı da verilib.