Nazirlər Kabineti “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası”nı (QAYDA) təsdiqləyib. Transparency.az xəbər verir ki, qaydaya əsasən, müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.
Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası müsabiqə elan edir. Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün müddətində bələdiyyənin icra aparatına təqdim etməlidir.
Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün müddətində müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
Müsabiqə namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir.
Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır.
Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir. Namizədlərin balları eyni olduqda müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı olanlara üstünlük verilir.