ABŞ-ın Kaliforniya Texnologiya Universitetini bitirib Nyu-Yorka iş axtarmağa gedən Çaster Karlson (1906-1968) “Mellori” firmasının elektronika ilə məşğul olan patent şöbəsində işə düzəlir. Bir gün iş vaxtı şöbədə ona gərək olan sənədin əlavə nüsxəsinin olmadığını görən Karlson lazımi kağızların surətini çıxarmaq üçün sürətli və ucuz üsul haqda fikirləşir. O, Nyu-Yorkun ictimai kitabxanasına yollanır və texniki ədəbiyyatı araşdırmağa başlayır. Karlsonun diqqətini bir macar aliminin işıq altında elektrik xassəsini dəyişən maddələrlə bağlı eksperimentləri cəlb edir və elektrofotoqrafiya ideyası belə yaranır.
Novator.az xəbər verir ki, bütün bunlar indi “ksesroks” kimi tanınan avadanlığın yaranma tarixini əks etdirir. Kseroksun yaranması 1938-ci ilin oktyabr ayının 22-dən götürülür. İlk dəfə həmin gün kükürd qatı ilə örtülü sink lövhəcikdə sənədin surəti çıxarılıb. Lövhə üzərində sabit enerji yaradılıb və üstünə yazı yazılmış şüşə vasitəsilə lövhə işıqlandırılıb. Nəticədə həmin yazı kükürd qatına köçüb. Yapışmış toz dənəcikləri “10-22-38 ASTORIA” sözünü oxumağa imkan verib.
Amma bu elektrik surətçıxarma texnologiyasını təkmilləşdirmək üçün illər tələb olunub.
1947-ci ildə Roçester şəhərində elə də tanınmayan “Haloid” şirkəti Karlsonun ixtirası əsasında surət çıxaran avadanlıqların istehsalına başlayıb. İki ildən sonra tarixdə ilk dəfə surətçıxarma aparatı satışa buraxılıb. Aparat “Kseroqrafiya” adlandırılıb. Yunanca “kseros” quru, “qrafe” isə yazıram deməkdir.
“Kseroqrafiya”dan “Haloid” şirkətinin yeni adı yaranıb. 1955-ci ildə şirkət Böyük Britaniyanın “Renk Orqanizeyşn” firması ilə birləşdikdən sonra “Renk Kseroks”, daha sonra sadəcə “Kseroks” adlanıb.
1959-cu ildə kseroks aparatlarının yeni modeli (model – 914) satışa çıxarılıb. Bu model şirkətə böyük populyarlıq və qazanc gətirib. “Kseroks” şirkəti bu istehsaldan yüz milyonlarla pul qazanıb.
Kseroqrafiyanın ixtiraçısı Çaster Karlson isə “Kseroks” firmasından patent kimi aldığı 150 milyon dolların 100 milyonunu xeyriyyə işlərinə xərcləyib.