Qadınların və qızların həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün onlar 20 il əvvəlkindən daha uzun və yaxşı ömür sürür, həmçinin daha çox təhsillidirlər. Lakin onlar əvvəlki kimi diskriminasiya və zorakılıqla qarşılaşırlar. Bu məlumat BMT-nin gender statistikası üzrə məruzəsində yer alıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, məruzə müəllifləri nailiyyətlər sırasında 1990-2013-cü illərdə ana ölümlərinin 45 faiz aşağı düşdüyünü də qeyd edirlər. Bu uğurlara baxmayaraq, qadınlar siyasət, biznes və digər sahələrdə əvvəlki kimi zorakılığa məruz qalır, diskriminasiya ilə qarşılaşırlar. Bu gün dünyada cəmi 19 qadın dövlət və hökumət başçısıdır. Dünyada parlament üzvlərinin 22, nazirlərin 18 faizini qadınlar təşkil edir.
Təxminən hər üç qadından biri ömrünün müəyyən mərhələsində zorakılığın, o cümlədən məişət zorakılığının qurbanı olub. Qadınlar nikaha kişilərdən orta hesabla beş il əvvəl daxil olurlar. Bu faktor onların təhsil alması və karyera irəliləyişi şansını azaldır. Nəticədə qadınlar kişilərdən iqtisadi asılılığa düşürlər.
BMT-nin baş katibi Pan Gi Mun məruzənin dərc olunması münasibətilə deyib: “Qanunvericilik və təcrübə sahəsində dünya əhalisinin yarısı üçün bərabər hüquqları təmin etməsək, 2030-cu il üçün Davamlı İnkişafın Məqsədlərinə çata bilmərik”. Xatırladaq ki, bu məruzə oktyabrın 20-də qeyd olunan Dünya Statistika Gününə həsr edilib.
Yeni məruzədə qadınların qlobal və regional səviyyədə vəziyyəti ilə əlaqədar təxminən 200 göstərici təhlil edilib.