Azərbaycanın milli təhlükəsizlik qurumu hökumətin tərkibində olmalıdır, yoxsa dövlət başçısının tabeliyində ayrıca təsisat kimi fəaliyyət göstərməlidir? Transparency.az-ın sualını cavablandıran təhlükəsizlik məsələləri eksperti, istefada olan polkovnik-leytenant İlham İsmayıl deyib ki, milli təhlükəsizlik qurumu indiki kimi hökumətin tərkibində olmalı, amma məxfiliyi gözləmək şərti ilə parlament qarşısında da hesabat verməlidir.
2004-cü ildə təsdiqlənmiş əsasnaməsinə görə, Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirliyin strukturunu və hərbi qulluqçularının, işçilərinin ümumi say tərkibini Azərbaycan prezidenti, onun strukturuna daxil olmayan tabe qurumların siyahısını Nazirlər Kabineti təsdiqləyir.
Milli təhlükəsizlik nazirini prezident vəzifəyə təyin və vəzifədən azad edir. Nazir müavini vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş digər vəzifələrə təyin və vəzifələrdən azad etməni nazirin təqdimatına əsasən prezident həyata keçirir.
Azərbaycanın müxalif təşkilatlarından olan Respublikaçı Alternativ Hərəkatının proqramında milli təhlükəsizlik qurumunun nazirlik statusu daşımayacağı barədə müddəa yer alır. REAL-ın fikrincə, Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks-Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılmalı, bu qurumlar birbaşa prezidentə tabe olmalı, hökumətlə işgüzar əməkdaşlıq etməli və Milli Məclis qarşısında hesabat verməlidir.
MTN-in istefada olan zabiti, politoloq Ərəstun Oruclu Transparency.az-a deyib ki, dünya praktikasında milli təhlükəsizlik qurumlarının müxtəlif statusları var: “Əksər ölkədə təhlükəsizlik təsisatı idarə və ya xidmət şəklindədir. Bir çox dövlətdə kəşfiyyat və əks-kəşfiyyat qurumları ayrıca formalaşdırılıb.
Tabeçilik məsələsinə gəlincə, məsələn, ABŞ-da Federal Təhqiqatlar Bürosu Ədliyyə Nazirliyinin tərkibindədir, Mərkəzi Kəşfiyyat İdarəsi isə birbaşa prezidentə tabedir. Rusiyada Xarici Kəşfiyyat və Federal Təhlükəsizlik xidmətlərinin hər biri hökumətdən kənardır və prezidentə hesabat verirlər.
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyatla bir təhlükəsizlik qurumu məşğul olur. Bu formanı dəyişməyə ehtiyac yoxdur. Amma milli təhlükəsizlik qurumu nazirlik statusu daşımamalı, prezidentə tabe olan ayrıca xidmət kimi fəaliyyət göstərməlidir”.