Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barədə hökmlərdən verilən şikayət üzrə qərar çıxarıb. Oktyabrın 20-də hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Leyla Yunusun vəkili Elçin Sadıqov cinayət işinin protokollarında şahidlərin ifadələrinin təhrif olunduğunu bildirib. Məhkəmə həmin məsələni araşdırmaq üçün cinayət işinin materiallarını Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarmaq qərarı verib. APA-nın məlumatına görə, apellyasiya prosesi təxirə salınıb. Hakimlər bildirib ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin protokolları ilə bağlı məsələ araşdırıldıqdan sonra davam etdiriləcək.
Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.
Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olublar, vergidən yayınıblar. Leyla Yunusun fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat vermədiyi vurğulanır. Qeyd olunur ki, Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-nü qeydiyyatdan keçirib.